Bu gün, 20 oktyabr Zəngilan rayonun düşmən işğalından azad edilməsi günüdür.
Zəngilanın İran və Ermənistanla sərhəd kəsişməsində yerləşdiyini və bu baxımdan rayonun ciddi strateji əhəmiyyət kəsb etdiyini nəzərə alan Silahlı Qüvvələrimiz əməliyyatı xüsusi həssaslıq və yüksək peşəkarlıqla həyata keçirdi. Dövlət Sərhəd Xidmətinin ildırım sürətli hücumu qısa zaman kəsiyində İranla 132 kilometrlik dövlət sərhəddimizi bərpa etdi. Eyni zamanda Zəngilanın işğaldan azad edilməsi ermənilər üzərində psixoloji basqını artırmaqla bərabər, həm də onları üçüncü dövlətin dəstəyindən məhrum etdi.
Zəngilan rayonu işğal dövrünə qədər özünün flora və fauna zənginliyi ilə seçilən nadir bölgələrimizdən biri idi. Lakin işğal dövründə erməni vandaliziminin insanlıqla yanaşı, təbiətə də düşmən kəsilməsi onun eko mühitini demək olar ki, məhv olma həddinə çatdırmışdı.
İndi, artıq Zəngilan şəhəri yenidən qurulur. Ağıllı kənd, ağıllı şəhər konsepsiyası ilə işğalçı Ermənistanla sərhəddə müasir, yüksək infrastrukturlu şəhər və kəndlər inşa olunur.
Rayon ərazisindən keçəcək qlobal əhəmiyyətli "Orta dəhliz" bölgənin tanınması və gələcək inkişafı üçün də geniş perspektivlər yaradır.
Zəngilanın işğaldan azad edilməsi cənab Prezident İlham Əliyevlə Azərbaycan xalqı və ordu birliyinin növbəti təcəssümü idi.
Günün mübarək, Zəngilan!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.