Erkən nigah və narkomaniya - Deputat bu problemləri aktual sayır
Milli Məclisin deputatı Günay Ağamalı 32gun.az-ın suallarını cavablandırır.
Gunay Agamali parlamentdə 65 saylı Salyan - Biləsuvar - Neftçala seçki dairəsini təmsil edir.
O, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İctimai birliklər və dini qurumlar komitələrinin üzvü, Azərbaycan-Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
- Günay xanım, sentyabrın 1-də keçirilən parlament seçkiləri həm də ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərini əhatə etdi və siz bu əhəmiyyətli siyası prosesdən qalib çıxdınız. Qələbə qazanacağınızı gözləyirdinizmi?
- Ölkəmizdə demokratik seçki mühiti yaradan Möhtərəm Cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bütövləşən müstəqil Azərbaycanda ilk dəfə Milli Məclisə seçkilər keçirildi. Bu seçki Azərbaycan tarixində bir ilk idi. Təbii ki, bu seçkilərə qatılmaq və qalib olmaq olduqca qürurverici və şərəflidir. Seçkilərlə bağlı imza toplama və təbliğat-təşviqat prosesində keçirdiyim görüşlərdə ağsaqqal və ağbirçəklərdən, şəhidlərimizin valideynlərindən, ziyalılardan aldığım xeyir-duaya, isti və doğma münasibət mənə olan yüksək dəstək, böyük inamın ifadəsi idi. Seçkilərdə qalib olmağım seçicilərin mənə göstərdiyi etimadın göstəricidir. Buna görə fürsətdən istifadə edib bir daha bütün seçicilərə səmimi təşəkkürümü bildirirəm.
- Atanız Fəzail Ağamalı uzun illər Milli Məclisin üzvü olub. Millət vəkili olmaq istəyinizdə bu amilin təsiri olubmu?
- Atamın siyasətdə olması, xüsusilə millət vəkili kimi uzun illər boyu Milli Məclisdə təmsil olunması dünyagörüşümə müsbət təsir göstərib. Onun milli azadlıq hərəkatının tanınmış xadimlərindən biri kimi müstəqil və azad Azərbaycan ideologiyasının daşıyıcılarından olması dünyagörüşümün formalaşmasında ciddi və əhəmiyyətli rol oynayıb.
- Günay Ağamalı bir millət vəkili kimi hazırda hansı problemləri aktual sayır?
- Erkən nigah, narkomaniyaya qarşı mübarizə, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı məsələlər günümüzdə aktual məsələlərdəndir. Bu istiqamətdə maariflənmə işini gücləndirməliyik. Bölgələrdə xüsusilə bu səpkidə işlər görməyə ciddi ehtiyac var.
- Azərbaycan 44 günlük Qarabağ savaşındakı inamlı qələbəsindən sonra anti-Azərbaycan qüvvələrinin hədəfinə gəlib. Bu qüvvələrin ölkəmizdə destablizasiya yaratmaq cəhdlərinin qarşısının alınması üçün hansı addımların atılmasını məqsədəuyğun hesab edirsiniz?
- Azərbaycan istər 44 günlük Qarabağ savaşı dönəmində, istərsə də antiterror əməliyyatı nəticəsində öz qüdrətini və yenilməzliyini nümayiş etdirdi. Dünya hərb tarixində görünməmiş nəticələrlə ölkəmiz qalib oldu. Hesab edirəm ki, anti-Azərbaycan qüvvələrinin niyyətləri boşa çıxacaq, heç nə əldə bilməyəcəklər. Cənubi Qafqazda söz sahibi olan Azərbaycan peşəkar orduya, güclü iqtisadiyyata, dövlət və xalq arasındakı həmrəyliyə sahibdir. Heç bir təhdidlər, cəhdlər, addımlar bizi mövqeyimizdən döndərə bilməz.
- Ermənistan özünü sülh göyərçini aparsa da, proseslər göstərir ki, rəsmi İrəvan dayanıqlı sülhdə maraqlı görünmür. Sizcə, bu halda Azərbaycan hansı addımları atmalıdır?
- Rəsmi İrəvan öz "ağıllı" təkliflərini irəli sürməklə növbəti hiyləgər addımın atır. Ölkə başçısı Cənab Ilham Aliyevin siyasi səriştəsi və peşəkar liderlik xüsusiyyətlərini nəzərə alsaq biz bu məqamlardan da alnı açıq çıxacağıq.