Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük
30 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib: “Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar”.
Prezident cənab İlham Əliyev çıxışında qeyd edib: “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir”.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı