Oktyabrın 3-də ADA Universitetində Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə COP29-un İqlim Dəyişmələri üzrə yüksək səviyyəli çempionu və deputat həmkarım Nigar Arpadarai, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld, Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov və Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və digərləri ilə birlikdə iştirak edərək mövzu ilə bağlı çıxışlar etdik.
Çıxışımda vurğuladım ki, biz insanlar təbiətə təsirimizin ən yüksək səviyyədə olduğu bir dövrdə yaşayırıq. Xüsusilə də Sənaye İnqilabından sonra dünyamızın geoloji quruluşuna, biomüxtəlifliyinə və iqliminə təsirimiz dönməz həddə çatıb. Bu dövr alimlər tərəfindən "Antroposen" və ya "İnsan dövrü" adlandırılır. Yaşamaq, qidalanmaq və istehsal etmək üçün etdiyimiz hər şey planetimizə təsir edir. Əgər gələcək nəsillərə yaşanılabilir bir dünya qoymaq istəyiriksə, bu təsirlərin fərqində olmalı və onları azaltmağa çalışmalıyıq.
Qlobal istiləşmənin qarşısını almaq, iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və su ehtiyatlarımızdan səmərəli istifadə etmək üçün mühüm addımlar atılmalıdır. Bununla belə, biz hazırkı vəziyyəti dəqiq anlamalı, yaranmış problemləri müəyyən etməliyik. Ölçmədiyimiz bir şeyi idarə etmək çox çətindir. Bu səbəbdən fəaliyyətlərimizin yer və atmosferimizə təsirlərini ölçməliyik.
Son əsrdə dünya üzrə temperatur təxminən 1 dərəcə yüksəlib. İlk baxışda bu çox görünməyə bilər, lakin bu istiləşmənin böyük hissəsi son 30 ildə baş verib, bu da prosesin sürətləndiyini göstərir. Atmosferə buraxdığımız qazlar istixana effektini artırır. Qlobal istiləşmə qarşısı alınmazsa, bu əsrin sonuna qədər temperatur artımının 3 dərəcəyə çatacağı gözlənilir. Bu da öz növbəsində ekstremal hava hadisələri, daşqınlar, dəniz səviyyəsinin qalxması və biomüxtəlifliyin azalması kimi fəsadlara gətirib çıxaracaq. Təəssüf ki, artıq bu təsirləri bu gün hiss edirik.
Karbon izi bəşəriyyətin ümumi ekoloji izlərinin 60 faizini təşkil edir və onun azaldılması planetimizin imkanları daxilində yaşamaq üçün ən mühüm addım hesab olunur. Bu iz, insan hərəkətlərinin planetdə buraxdığı daimi iz kimidir. Qlobal istiləşmə ilə bağlı mübarizədə hər birimiz sadə, lakin təsirli dəyişikliklər edə bilərik. Məsələn, yerli və mövsümi məhsullardan istifadə, təkrar istifadə edilə bilən alış-veriş çantalarının seçilməsi və plastikdən imtina kimi kiçik addımlar böyük təsir göstərə bilər.
Eyni zamanda, insanlar kimi təşkilatların da karbon izlərini azaltmaq üçün atacağı addımlar var. Bu sahədə ən təsirli tədbirlərdən biri bərpa olunan enerji mənbələrinə sərmayə qoymaqdır. Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür və ölkəmiz öz töhfələrini verir.
Belə tədbirlər iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmaq və həll yolları tapmaq üçün əhəmiyyətli platformadır.
Tədbirin təşkilinə həmçinin bu vacib mövzuda fikir mübadiləsi aparmaq üçün dəvətə görə təşəkkür edir və inanıram ki, bu gün aparılan müzakirələr gələcəkdə daha da böyük irəliləyişlərə səbəb olacaqdır.



