Azərbaycan xalqı üçün Aşıq Ələsgərin abidəsinin Bakının mərkəzində ucaldılması tarixi və mənəvi bir hadisədir
Bildiyimiz kimi sentyabrın 30-da Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin abidəsinin açılışı mərasimi olmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak etmişdir. Qeyd edək ki, Azərbaycan xalqı üçün Aşıq Ələsgərin abidəsinin Bakının mərkəzində ucaldılması tarixi və mənəvi bir hadisədir. Bu abidə yalnız böyük bir aşığın yaradıcılığına verilən dəyəri deyil, eyni zamanda, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin Azərbaycan xalqının yaddaşında yaşadığının bariz nümunəsidir. Aşıq Ələsgərin həyatı və fəaliyyəti, onun Vətənə bağlılığı, çətinliklərə baxmayaraq, doğma torpağına qayıtmaq istəyi xalqımızın əyilməz ruhunun əksidir.
Açılış tədbirində çıxış edən dövlətimizin başçısı İlham Əliyev Aşıq Ələsgər yaradıcılığının Azərbaycan xalqı və eləcə də bütün Türk dünyasında önəmli mənəvi dəyər kəsb etdiyini diqqətə çatdırıb və böyük sənətkarın miras qoyduğu zəngin irsi Azərbaycan milli mədəniyyətinin vacib hissələrindən biri kimi dəyərləndirib. Azərbaycan xalqının öz tarixinə və mədəniyyətinə olan bağlılığını ifadə etmək istiqamətində xüsusi əhəmiyyəti ilə seçilən bu abidə həm Aşıq Ələsgərin xatirəsini yaşatmaq baxımından, həm də tarixən Qərbi Azərbaycan torpaqlarında yaradılmış milli mədəniyyətimizin qorunub-saxlanması və yaşadılması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin mərasimdə səsləndirdiyi məzmunlu çıxışı xalq olaraq tariximizin, mədəniyyətimizin unutdurulmaması, yaşadılması, nəsildən-nəsilə ötürülməsi baxımdan olduqca əhəmiyyətli idi. Ölkə başçısı qeyd etdi ki, müəyyən müddətdən sonra Azərbaycan xalqı öz ata-baba yurdlarına qayıtdı, “yəni, hamısı olmasa da, böyük bir qisim qayıtdı”. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Dövlətimizin başçısı diqqəti bu mövzuya yönəltməsi təsadüf deyildi. Çünki Aşıq Ələsgərin özü də Göyçə mahalından idi.
Bu gün Qərbi Azərbaycanda, tarixi torpağımızda etnik təmizləmə nəticəsində bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada mədəni irsimizin ya tamamilə məhv edildiyi, ya da ciddi şəkildə zədələnib saxtalaşdırıldığı məlumdur. Aşıq Ələsgərin yurdu Göyçə mahalı da qədim İrəvan xanlığının şimal-şərq hissəsində - Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin mərkəzlərindən biri hesab olunur.
Aşıq Ələsgər də bir çox azərbaycanlı kimi erməni şovinistlərinin etnik təmizləməsinin qurbanı olmuşdu. Böyük sənətkar ömrünün son illərində doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Həmin vaxt onun 97 yaşı var idi.
Prezident İlham Əliyev Aşıq Ələsgərin taleyindən danışarkən bildirdi ki, 1918-ci ildə erməni vandalları azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular: “Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir”.
Dövlət başçısı maraqlı bir məqama toxunaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ötən əstin 70-ci illərində Sovet İttifaqı miqyasında qeyd olunan Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə böyük ustadın doğma kəndi olan Ağkildə ona abidə ucaldılmışdı.
Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.
Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.
Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdacağı günün uzaqda olmadığını göstərir.
Nəbi İbrahimov,
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, YAP fəalı