“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib.
Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Xüsusilə vurğulayaq ki, Cəbrayılın işğaldan azad olunması ilə həm də xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsü də işğaldan azad olundu. Xudafərin adi bir körpü deyil, həm də milli qürur məsələsi idi. Məhz elə bunun nəticəsidir ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva 2020-ci il noyabrın 16-da, yəni müharibənin başa çatmasından bir neçə gün sonra Cəbrayıl rayonuna səfər edərkən ilk olaraq Xudafərin körpüsündə oldular və ölkə başçımız tərəfindən bu körpüdə Azərbaycan bayrağı ucaldıldı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq həyata keçirilir. Azərbaycan xalqının azad edilmiş torpaqları dirçəltmək istəyinin nə qədər böyük olmasına artıq bütün dünya şahidlik edir. Cənab İlham Əliyevin irəli sürdüyü post-konflikt quruculuğu modeli kifayət qədər uğurlu və səmərəli bir modeldir. Azad edilmiş ərazilərimiz minalardan təmizlənir, ən müasir iqtisadi, sosial infrasturuktur yaradılır və burada yeni dövlət idarəetmə modeli tətbiq olunur ki, bütün bunlar da dövlət başçımızın bu prosesə diqqət və qayğısı sayəsində reallaşır.
Cəbrayılda ən mühüm əhəmiyyətə malik ərazilərdən biri İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2021-ci ilin yanvarında cənab Prezident İlham Əliyevin göstərişi ilə yaradılan Araz Vadisi İqtisadi Zona Sənaye Parkıdır. Xatırladaq ki, bu park 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının ildönümü ərəfəsində yaradılıb. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı nəinki hər bir Cəbrayıl rayon sakinini, demək olar bütün Azərbaycan Respublikası vətəndaşlarını ürəkdən sevindirdi. Araz Vadisi İqtisadi Zonasının yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektar əraziyə malik olan sənaye parkı Cəbrayıl rayonunun Soltanlı kəndində yerləşir. Məlumat üçün bildirək ki, respublikada ən böyük sənaye parkı Sumqayıt Kimya Sənaye Parkıdır. Cəbrayılda yerləşən bu park ərazisinə görə 2-ci böyük sənaye parkıdır.
Qeyd edək ki, hazırda sənaye parkında mobilizasiya şəhərciyi yaradılıb. Burada işçilər üçün yataqxana tikilib, yeməkxana və market fəaliyyət göstərir. Bundan başqa, sənaye parkında 4 min kubmetr həcmində su anbarı tikilir. Elektrik enerjisinin fasiləsiz olması üçün generator da quraşdırılıb. Sənaye parkında hazırda ikimərtəbəli böyük inzibati binanın tikintisi gedir, elektrik yarımstansiyası və 12 ədəd transformator məntəqələri tikilir və daxili yollar çəkilir. Tullantı və yağış sularının axıdılması üçün kanalizasiya sistemi quraşdırılıb. Hazırda sənaye parkının 11 rezidenti və 2 qeyri-rezidenti var. Xatırladaq ki, qeyri-rezidentin keçən il iyunun 17-də dövlətimizin başçısı İlham Əliyevin və Macarıstanın Prezidentinin iştirakı ilə açılışı oldu. Digər layihə beton zavodudur ki, yaxın günlərdə fəaliyyətə başlayacaq. Daha bir layihə quru qatqılar, yəni suvaq işi materiallarının istehsalıdır.
Sənaye Parkında "Qarabağ İnkişaf Şirkəti" tərəfindən 2 model pultla işləyən texnikaların, yanğınsöndürmə maşınlarının və çadırlı tır qoşqularının istehsalını həyata keçirəcək. "Sadıqoğlu" şirkəti tərəfindən isə böyük tikinti materialları bazarı inşa olunur. Burada ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı üçün müəssisələr nəzərdə tutulur ki, bu da gələcəkdə Cəbrayılda və ətrafda məskunlaşan insanların məşğulluğunun artırılmasına böyük töhfə verəcək. Onu da qeyd edək ki, sənaye parkının ərazisi həm logistika baxımından, həm buradan keçən magistral yolun əlverişli olduğuna görə sahibkarlarda çox böyük maraq doğurur. Həmçinin sənaye parkının ərazisindən dəmir yolu xətti keçir ki, bu da gələcəkdə həm beynəlxalq, həm də daxili yükdaşımalara böyük töhfə verəcək.
Bir sözlə, dövlət başçımızın qətiyyəti və xalqımızın iradəsi ilə yaxın zamanda reallaşacaq Zəngəzur Dəhlizi üzərində mühüm məntəqələrdən biri olacaq Cəbrayıl rayonunun Azərbaycan iqtisadiyyatına çox önəmli töhvələr verəcəyi günlər uzaqda deyil.
Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin direktor müavini, YAP fəalı