Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir
Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətidir. Azərbaycanın bu gününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə bu fikri də böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi. Bu baxımdan, 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmış və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran böyük siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdir
Bir sözlə, Ulu Öndərin müyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasət hər zaman Azərbaycanı möhtəşəm uğurlara aparır. 20 ildən çox bir dövrdə ümummilli lider Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin 2003-cü ildə xalqa müraciətində inamla səsləndirdiyi fikirləri reallığa çevirdi. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı, Prezident İlham Əliyev isə torpaqlarımızın xilskarı kimi yazdı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində uğurla addımlayan, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq işlərini yüksək səviyyədə həyata keçirən, beynəlxalq nüfuzunu möhkəmləndirən, ordu quruculuğu sahəsində davamlı addımlar atan Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində Zəfər tarixini yazdı. Ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin nəticəsi olaraq Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Bu gün dünya güclərinin Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul edib, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri də bunun təsdiqidir.
İlkin Kərimov,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini, YAP fəalı