Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ölkənin iqtisadi inkişafı ilə bağlı strateji planları, əldə olunmuş uğurlar, qarşıda duran vəzifələr barədə danışdı. Prezident Azərbaycan iqtisadiyyatının 4,3% artdığını və bu göstəricinin inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərini belə üstələdiyini bildirdi. Xüsusilə qeyri-neft sektorunun 7% artması, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin uğurlu nəticələr verdiyini və iqtisadiyyatın yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını və qeyri-neft sahəsində də mühüm uğurların əldə olunduğunu göstərir. İlham Əliyev çıxışında ölkənin əsas hədəfinin iqtisadiyyatı şaxələndirmək və dayanıqlı iqtisadi inkişaf modelini təkmilləşdirmək olduğunu vurğuladı. Xarici sərmayələrin qeyri-neft sektoruna cəlb edilməsi və Azərbaycanın stabil və proqnozlaşdırıla bilən iqtisadi mühitinin investorlar üçün cəlbedici olması ölkənin iqtisadi inkişafını yalnız daxili resurslar hesabına deyil, həm də xarici sərmayələr vasitəsilə təmin etmək üçün çox vacibdir. Xarici borcun çox aşağı səviyyədə olması və bu borcun azaldılması ölkənin maliyyə müstəqilliyini artıran amillərdən biridir.
Cənab Prezident gələcəkdə də Azərbaycanın hərbi potensialının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, təhsil və digər sosial sahələrdə dövlət xərclərinin artırılmasının ölkənin həm daxili, həm də xarici siyasətində mühüm amillərin olduğunu bir daha vurğuladı. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın uzunmüddətli iqtisadi və sosial sabitliyini təmin etmək məqsədi ilə bu günə qədər atdığı addımları və bu istiqamətdə gördüyü tədbirləri bir daha aydın şəkildə əks etdirir.
İlham Əliyev 20 illik prezidentlik dövründə saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlərin, bu sahələrin hər biri ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Bununla belə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və ümumiyyətlə, tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur. Bu Zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində edilsə də, ona gedən yol uzun illərin ağır zəhməti, mürəkkəb çağırışları və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlmişdir. Hər zaman xalqına arxalanan, xalqdan güc alan Prezident İlham Əliyev “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm” deyib, imzaladığı fərman və sərəncamların, həyata keçirdiyi çoxsaylı tədbirlərin, gördüyü bütün işlərin kökündə vətəndaş amili, milli maraqlar dayanıb. Bu gün Azərbaycan xalqı tam əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz indiyədək olduğu kimi, bundan sonra da dövlətimizin başçısının böyük uzaqgörənliklə müəyyənləşdirdiyi istiqamətlərin hər birində – istər hərbi, istər siyasi müstəvilərdə, istərsə də iqtisadi sahədə davamlı olaraq inkişaf edəcək, daha böyük qələbələrə imza atacaq.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini