Azərbaycan idmançıları bütün xalqı sevindirib
İdmançılarımız XXXIII Paris Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb. Cari ilin 14 avqust tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçilərini qəbul edib. Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini deyib.
Azərbaycan Prezidenti qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzulayıb.
Zaur Abbasov
Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri