Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Dövlət başçısı ölkəmizin idman sahəsindəki uğurlarından, bu sahəyə göstərilən yüksək diqqət, qayğıdan və bunun nəticəsindən danışıb. Ölkə rəhbəri qeyd edib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır: “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir”.
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla və mütərəqqi Liderliyi ilə davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub.
Ölkə başçısı qalib idmançılarımızla görüşü zamanı bildirdi ki, Azərbaycan müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşıb: “Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır”. Bəli, həmişə olduğu kimi, bu yarışda da bütün dünya idmançılarımızın gücünün şahidi oldu və Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır.
Cənab Prezident həmçinin idmanın və qələbələrin gənclərimizin həyatında müsbət təsiri olduğunu bildirdi və qeyd etdi ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır: “Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir”.
Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Bu gün idman sahəsində əldə olunan uğurlar bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir, həm böyüklər, həm də gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı