Müstəsna diqqət və qayğı
Azərbaycan üçün qürurverici məqamlardan biri də milli mətbuatımızın 1875-ci ildə əsasının qoyulması ilə bağlıdır. Bu möhtəşəm tarix görkəmli publisist, pedaqoq, maarifçi-demokrat, təbiətşünas Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. XIX əsrin sonları – XX əsrin əvvəllərinin bütün dövri mətbuat nümunələri Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb edirdi. Azərbaycan mətbuatının inkişafında 1906-cı ildən dərc olunmağa başlayan “Molla Nəsrəddin” jurnalının təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları imperializmin müstəmləkəçilik siyasətinə, geriliyə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizədə maarif və mədəniyyətin tərəqqisində mühüm rol oynayırdı. Bu dövrün “İqbal”, “Dirilik”, “Təkamül”, “Açıq söz”, “İstiqlal” və digər mətbu orqanları Azərbaycanın mədəni həyatına böyük təsir göstərir, xalqı milli mədəniyyətə, milli şüura yiyələnməyə çağırır, milli məfkurənin təşəkkülünə əvəzsiz yardım edirdi. Milli-siyasi birliyə çağırış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bütün milli mətbuatın başlıca şüarına çevrilərək, ictimai fikrin, azadlıq ideyalarının oyanışında müstəsna əhəmiyyət kəsb edirdi.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin repressiya maşını Azərbaycanın istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd etdi. Heç də təsadüfü deyil ki, 1936-40-cı illər arasında məhv edilən ziyalılar dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər. Bu mənada bəlli bir zaman kəsiyində ölkəmizdə milli mətbuatın inkişafında müəyyən durğunluqlar yaşandı.
1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman doğma dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. Təsadüfi deyil ki, məhz Ulu öndərin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə ictimai-siyasi sabitliyin yaradılması, insan hüquqlarının qorunmasının dövlətin siyasətinin prioritet istiqamətinə çevrilməsi, qanunun aliliyinin təmin edilməsi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri etdi. Ulu öndər Heydər Əliyev bildirmişdir: "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir."
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini