Son vaxtlar maqnit qasırğaları tez-tez baş verir
Günəş sistemində baş verən partlayışlar nəticəsində Günəş plazmaları fəzaya axır və o cümlədən də Yer kürəsinə gəlib çatır. Yer kürəsinin özü maqnit qatı ilə qorunduğundan həmin Günəş plazmaları qoruyucu maqnit qatına yaxınlaşdıqda onları bir növ təlatümə gətirir, qıcıqlandırır. Bu isə Yer kürəsində yaşayan, demək olar ki, bütün canlılara təsirsiz ötüşmür.
Bu zaman insanda olan bioloji hüceyrələr iş qabiliyyətini itirir, yəni, bütün xroniki xəstəliklərdə ağırlaşmalar yaranır. Şəkərli diabet, arterial hipertenziya, ürək və beyin qan damar, mədə-bağırsaq, tənəffüs sistemləri xəstəlikləri, bronxial astma xəstələrində maqnit qasırğası zamanı ağırlaşmalar baş verir.
Maqnit qasırğası sağlam insanlara da təsir edir. Tam sağlam olan insanlar belə maqnit qasırğaları olan günlərdə müəyyən problemlər yaşayırlar. Bu zaman qəflətən arterial təzyiqin kəskin yüksəlməsi, ürək nahiyəsində ağrılar, mədə-bağırsaq sistemində hansısa problemlər baş verir.
İnsanlar özlərində dəyişiklik hiss edən zaman mütləq həkimə müraciət etməlidirlər.
Çalışmaq lazımdır ki, gün ərzində 2 litrədək maye qəbul edilsin. Şəkər və yüksək təzyiqdən əziyyət çəkənlər qidalanmalarına diqqət etməlidirlər. Maqnit qasırğaları zamanı səhər və axşam saatlarında 1 saat təmiz hava qəbul etmək, ağır fiziki işlərdən qaçmaq lazımdır.
Belə hallarda qida rasionunda əsasən, limonlu su, şirin olmayan meyvələr, sitruslar və qatıq, kəsmik kimi qidalar olmalıdır. Qanı qatılaşdıran qidalardan qaçmaq məsləhət görülür. İtburnu-yemişan çayı dəmləmələri yaxşı təsir göstərən vasitələrdir.