Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev cari ilin iyul ayının 4-də Qazaxıstanın Astana şəhərində səfərdə olmuşdur. Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Cənab İlham Əliyev “ŞƏT plyus” formatında çıxışı zamanı bir çox məsələyə toxunub. O qeyd edib ki, - “Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.
Dövlətimizin başçısı bildirdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.
Ölkə rəhbəri bildirdi ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.
Ölkə başçısının qeyd etdiyi kimi, təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır.
Ramilə Seyidova - YAP Siyəzən rayon təşklatının sədr müavini