Fəzail Ağamalı parlament seçkilərində iştirak edib-etməyəciyini AÇIQLADI
“Biz Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələri ilə bağlı qərarını müdafiə edirik. Bununla bağlı aparılacaq müzakirələrdə iştirak edəcək, bu təşəbbüsü dəstəkləyəcək, müsbət fikrimizi bildirəcəyik”.
Bunu açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Millət vəkili bildirib ki, Azətbaycan Konstitusiyasına görə, bu ilin noyabr ayında parlament seçkiləri keçirilməlidir: “Noyabr ayında Azərbaycanda COP29 kimi mühüm beynəlxalq təbir keçiriləcəyinə görə, parlament seçkilərinin önə çəkilməsi zəruri idi. Yeni Azərbaycan Partiyası da doğru olaraq bu addımı atdı.
Biz müstəqilliyimiz əldə edildikdən sonra keçirilən bütün seçkilərdə partiya olaraq iştirak etmişik. Həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində. Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal rol oynayan Ana Vətən Partiyası prezident seçiklərində öz iradəsini ortaya qoyub, Ümummilli Liderimizin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib.
Ana Vətən Partiyası 1995-ci ildən sonra keçirilən parlament seçikərində iştirak edib. Birinci çağırışda 1, ikinci və üçüncü çağırışda 2 mandat, sonrakı çağırışlarda isə 1 mandatla parlamentdə təmsil olunmuşuq. Partiyamız bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasından sonra ən çox mandat qazanan partiyadır. Ana Vətən Partiyası bundan sonra keçiriləcək seçkilərdə də iştirak edəcək. Biz qarşıdan gələn parlament seçilərində də fəal iştirak etmək niyyətindəyik”.
“Ana Vətən Partiyası hansı dairələrdən namizəd irəli sürəcək?” sualına Fəzail Ağamalı belə cavab verib: “Bu barədə partiyamızda ilkin müzakirələr aparılıb. Biz seçkinin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsini gözləyirdik. Ana Vətən Partiyasının Ali Məclisi çağırılacaq, bu məsələ geniş müzakirə olunacaq. Ali Məclisdə biz seçkilərdə neçə namizdlə iştirak edəcəyimizə dair qərar qəbul edəcəyik. Mənim namizədliyim də gündəlikdədir. İlkin müzakirələrdə Ana Vətən Partiyasının sədri kimi mənim seçkilərdə iştirakım vacib hesab edilib. Təbii ki, mən partiya üzvlərinin fikri ilə razılaşmışam, bu seçkilərdə iştirak etmək niyyətindəyəm”.