“Parisin bölgədə hərbi qüvvə yerləşdirmək istəyini dövlətlərin rahatlıqla qəbul edəcəyi inandırıcı deyil” - Pərviz Mirizadə
Fransanın 100-ə yaxın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar. Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər. Müraciəti ünvanlayanlar “bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə - Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi” Makrondan xahiş ediblər. Onlar Fransa hərbçilərinin “sülhməramlı kontingent” şəklində Ermənistana göndərilməsinə çağırış ediblər.
Ana Vətən Partiyası sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Herbiand.az-a bildirib ki, Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrda bir günlük antiterror tədbirləri ilə ərazi bütövlüyünü təmin etməklə yanaşı, torpaqlarımızda iki əsrdir kök salmış erməni separatizmini birdəfəlik olaraq məhv etdi:
“Nəticədə, ölkəmiz Cənubi Qafqazda oyun qaydalarını dəyişən yeni geopolitik reallıqlar yaratdı. Hadisələrin inkişafında bir çox dövlətlər, hətta müəyyən mənada Ermənistan belə bu reallıqları qəbul edərək Azərbaycanla hesablaşmağın zəruriliyini başa düşdü. Lakin regionda dəyişən geosiyasi mənzərə ilə barışmaq istəməyən qüvvələr az deyil və sözsüz ki, özünün destruktiv mövqeyi ilə Fransa onların sırasında öndə qərarlaşır. Uzun müddət Qarabağ münaqişəsində vasitəçi tərəf kimi ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa 44 günlük Vətən savaşının ardınca anti-Azərbaycan siyasətini müxtəlif formalarda nümayiş etdirməyə başladı. Azərbaycanın daxili işlərinə müdaxilə, casusluq fəaliyyəti və özünün beşinci kalonunu yaratmaq cəhdləri Yelisey sarayının Bakı ilə bağlı mövqeyinin aydın təzahürüdür. Xəzər hövzəsinin və ümumiyyətlə, bölgənin iqtisadi resursları fransızların iştahını qabartdığı üçün Makron hökuməti iqtisadi-siyasi maraqlar kontekstində erməni “kartında”dan da geniş istifadə edir. Rəsmi Paris bölgənin ən zəif ölkəsi olan Ermənistanı silahlandırmaq və revanşist meyllərə şirnikləndirməklə Bakının maraqlarına zərbə vurmağa çalışır. Məlum olduğu kimi, hazırda ölkəmizin qarşısında əsas prioritetlərdən biri məhz Cənubi Qafqazda sülhün və əməkdaşlıq mühitinin təmin olunması ilə bağlıdır. Ancaq Fransa İrəvana silah satmaq və yaxud hədiyyə etməklə iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur və revanşist qüvvələri aktivləşdirir”.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası və Afrikadakı uğursuzluqlarını həzm edə bilməyən Paris, beynəlxalq arenada uğur hekayəsini “erməni kartı” ilə qazanmağa çalışır:
“Fransa bu gün də eyni məntiqlə hərəkət edir. Bakı və İrəvan arasında sərhədlərin demarkasiyası, münasibətlərin normallaşması ilə əlaqədar qarşılıqlı müsbət fikirlərin səsləndirildiyi vaxtda sözügedən ölkə əsassız və gülünc iddialarla süni gərginlik yaratmağa çalışır, sülhə əngəl olmaq istəyir. Buna nümunə olaraq Fransa və Ermənistan KİV-lərində, eləcə də sosial şəbəkə seqmentlərində Fransa “sülhməramlı” kontingentinin Ermənistanda yerləşdirilməsi ideyasını təbliğ etmək məqsədilə genişmiqyaslı kampaniya aparılır, İrəvanla “Sezar” özüyeriyən artilleriya sistemlərinin tədarükünə dair müqavilələr imzalanır. Sözsüz ki, rəsmi Parisin qeyri-konstruktiv siyasi yanaşması və hücum məqsədi daşıyan hərbi avadanlıqların Ermənistana satılması bölgədə gərginliyi artırmağa hesablanmış gedişdir. İndiki situasiyada ortaya atılmış fikirlərin reallaşacağı o qədər də inandırıcı görünmür. Lakin belə bir hadisənin baş verəcəyi təqdirdə, Cənubi Qafqazda uzunmüddətli münaqişələr davam edəcək. Regionda varlığını sürdürən güclərin mövcudluğunu nəzərə alarsaq pro-Avropa və pro - NATO yönümlü siyasət aparmağa çalışan Ermənistan üçün Gürcüstan modelli proseslər inkişaf edə bilər. Çünki Parisin bölgədə hərbi qüvvə yerləşdirmək istəyi həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm də İran üçün əlavə təhlükəsizlik zərurəti yaradır və sözügedən dövlətlərin bunu rahatlıqla qəbul edəcəyi inandırıcı deyil”.