“Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir
Azərbaycanın milli maraqlarını hərtərəfli göz önündə canlandıran, onun milli mənafelərini tam şəkildə əks etdirən xarici siyasət kursunda, bu kursun müvəffəqiyyətlə reallaşmasında Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu inkişafı, mübaliğəsiz demək olar ki, birinci dərəcəli əhəmiyyət daşıyır. Bu isə bir daha ondan irəli gəlir ki, müasir dövrdə güclü dövlət olaraq sürətli inkişaf yolunda irəliləyən və beynəlxalq münasibətlərdə möhkəm yer tutan Türkiyə və Azərbaycanı tarix ümumiliyi və etnik-dini tellər bağlayır. İstər bir çox daxili məsələnin həllində, istərsə də beynəlxalq münasibətlərdə Türkiyə kimi qardaş ölkə ilə tərəfdaşlıq və əməkdaşlıq Azərbaycanın müstəqil ölkə və dövlət olaraq intensiv inkişafı üçün olduqca zəruridir.
Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı münasibətlərdə yeni bir tarixi salnaməyə çevrildi. Qardaş Türkiyə haqq savaşımızın hər anında Azərbaycanın yanında idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən özünün hərbi əməliyyatların ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyini ifadə etməsi xalqımıza böyük ruh verdi. Əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi. Türkiyə kimi qlobal proseslərə əhəmiyyətli təsir imkanlarına malik güclü bir dövlətin yanımızda olması, hərtərəfli dəstəyini bəyan etməsi işğalçı Ermənistanın havadarlarına da yerlərini göstərdi. Azərbaycanla təhdid dili ilə danışmaq istəyənlər, müharibəyə müdaxilə etmək fikrinə düşənlər qarşılarında Türkiyəni də görərək dayanmalı oldular. Belə bir birgəlik "dəmir yumruğ"a çevrildi. Bu tarixi Qələbəmizin rəmzi kimi tarixə yazılan Zəfər paradında da Azərbaycan və Türkiyə prezidentləri yanaşı durdular. Öz çıxışlarında xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı barədə çox əhəmiyyətli və aydın bəyanatlar səsləndirdilər. Bu, bütün dünyaya dəqiq mesajlar idi. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı tarixi çıxışları qələbəmizə daha da möhtəşəmlik gətirdi.
2021-ci ilin 15 iyununda isə bu möhtəşəmlik iki ölkənin daha bir tarixi addımı ilə davam etdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tarixdə Qələbəmizin simvollarından olan Şuşa şəhərində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nə imza atdılar. Tarixə "Şuşa Bəyannaməsi" kimi həkk olunmuş bu mühüm sənəd iki qardaş ölkə arasındakı münasibətlərin tamamilə yeni bir mərhələsidir. "Şuşa Bəyannaməsi" Azəbraycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit etdi. Bu sənəddə öz əksini tapan strateji müttəfiqlik məsələləri iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlığı, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini əhatə edir.
Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad edilməsində, Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.
Bu gün Azərbaycan və Türkiyə ümumən türk dünyasının mərkəzinə çevrilir. Başqa türkdilli ölkələri də bu münasibətlər ətrafında bir araya gətirir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinə malikdir və aparılan bu siyasət bu qurumu gücləndirməkdədir. Yaxın gələcək üçün bu təşkilat potensial qlobal güc kimi çox böyük perspektivlər ortaya qoyur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın da doğma bir ailənin üzvü kimi daxil olduğu Türk dünyasının gələcəyini belə görür: "Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Azərbaycan və Türkiyənin qarşılıqlı səyləri buna xidmət edərək türk dövlətlərinin bu təşkilat çərçivəsində sıx birliyini daha da gücləndirir, Türk Dövlətləri Təşkilatının qlobal önəmini, miqyasını və rolunu yüksəldir. Asiya ilə Avropanı birləşdirən trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta dəhliz ideyasının reallaşmasına doğru atılan addımlar türk dünyasının beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə ehtiva edir.
Bu gün iki ölkə arasında hərbi sahədə əməkdaşlıq əlaqələri də inkişaf edir, Azərbaycanla Türkiyənin birgə ordu quruculuğu istiqamətində atdığı addımlar möhtəşəm nəticələr verir. Azərbaycan Prezidentinin cari ilin fevral ayında Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarın iştirakı ilə izləməsi bunun bir təzahürü oldu.
Beləliklə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun qardaş Türkiyə ilə hərtərəfli əlaqələrinin yüksələn xətlə inkişaf etməsi, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə xidmət etməsi inkarolunmaz həqiqətdir. Sözügedən əlaqələrin Azərbaycanın siyasi-iqtisadi, sosial-mədəni, hərbi sahələrdə qüdrətinin artmasına, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin güclənməsinə yardım edəcəyi şübhə doğurmur.
Cavid Ağayev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktor müavini, YAP fəalı