Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır
15 iyun – Milli Qurtuluş Günü xalqımız üçün fəlakətlərdən qurtulub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu əziz gündür. Bu müqəddəs günü bizə bəxş edib tarixə yazan isə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevdir. Həmin gün ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürmüş və uğurla həyata keçirmişdir.
1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəni müstəqilliyini itirməkdən, xaosdan, vətəndaş qırğınından, dövlət çevrilişindən qurtardı. Tariximizə qızıl hərflərlə yazılan bu gün Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Müstəqil respublikamız yox olmaqdan, parçalanmaqdan qurtuldu. İtirilmiş inamı özünə qayıdan xalqımız elə həmin gündən addım-addım işıqlı gələcəyə yol aldı.
Heydər Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycanı yarıtmaz, xəyanətkar, satqın AXC-Müsavat cütlüyünün yuvarladığı bəlalardan xilas etdi. Azərbaycan bütün sferalarda - ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni tərəqqi sahəsində sürətli inkişaf yoluna qədəm qoydu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının başlanğıcı qoyuldu.
Xalqının düçar olduğu qaçqınlıq, məcburi köçkünlük bəlasını bir nömrəli problem hesab edən ulu öndər hakimiyyətə gəldiyi ilk vaxtlardan bu istiqamətdə ardıcıl və uğurlu siyasət həyata keçirməyə başladı. Öncə yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın mənzil-məişət, sosial problemlərinin həll olunması istiqamətində əhəmiyyətli işlərə imza atdı. Ulu öndərin əsasını qoyduğu neft strategiyası sayəsində əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, ən əsası isə insanların acınacaqlı vəziyyətdə yaşamağa məcbur olduğu çadır düşərgələri ləğv edildi.
Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrildi, beynəlxalq əlaqələr möhkəmləndi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1996-cı ildə Lüksemburqda Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalandı. İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.
Ölkəmizdə ilk dəfə yerli özünüidarəetmə orqanlarının yaradılması da ulu öndərin adı ilə bağlıdır. Onun hakimiyyəti dövründə ölkədə bələdiyyələr yaradıldı, çoxpartiyalı sistem əsasında azad, demokratik seçkilər keçirildi. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı milli diasporumuzun monolit qüvvəyə çevrilməsində mühüm rol oynadı.
Ulu öndər deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam".
Bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Heydər Əliyevin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik".
Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!".
Bu gün Şuşada, Laçında, Xankəndidə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Doğrudan da Qurtuluşdan başlanan yolun zirvəsi Zəfərimizdir.
Vüqar Ağayev
YAP Salyan rayon təşkilatının məsləhətçisi