Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə nəzər salsaq, əlaqələrin son bir neçə ildə daha da möhkəmləndiyini görmək olar. Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə Mərkəzi Asiya regionu ilə münasibətlərin inkişaf etdirilməsini vacib amil hesab etmişdir. Buna müvafiq olaraq 20 il ərzində ölkə rəsmilərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, həyata keçirilən layihələr də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələrini göstərir. Son illərdə daha da inkişaf etmiş Azərbaycan-Tacikistan uğurlu əlaqələri də bu siyasətin nəticəsidir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri Tacikistanda da böyük sevinclə qarşılandı. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra bu iki dövlət arasında münasibətlər həm məzmun, həm də forma etibarilə nəzərəçarpacaq dərəcədə genişlənib. Mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri də bunun təzahürüdür. Bu rəsmi səfər ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirib ki, dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.
Bu gün kifayət qədər yüksək səviyyədə inkişaf edən Azərbaycan-Tacikistan münasibətləri ulu öndər Heydər Əliyevin xalqlarımıza mirasıdır. Məhz dahi liderin rəhbərliyi dövründə inkişaf etməyə başlayan əlaqələrin kökündə hər iki ölkənin nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini müdafiə etməsi dayanır.
Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra əlaqələr daha da intensivləşib. 2007-ci ildə cənab İlham Əliyev ardıcıl olaraq 2 dəfə dost ölkə Tacikistana səfər edib. Tacikistan Prezidenti də həmin ilin avqustunda ölkəmizə səfər edərək Azərbaycan-Tacikistan münasibətlərinin dərinləşməsinə töhfə verib.
Azərbaycanla Tacikistan arasında siyasi, mədəni, iqtisadi əlaqələr inkişaf etməkdədir. Bu inkişaf qarşılıqlı etimada əsaslanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında dedi: “Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir”.
Tacikistan respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri dövlətlərarası münasibətlərin genişlənməsinin, qarşılıqlı etimadın yüksəlişinin təsahürüdür.
Tural Nəsirov
Göygöl rayon üzrə Maliyyə şöbəsinin sektor müdiri