2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
30 avqust 1991-ci il tarixində Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etmişdir. Sonra bu Bəyannamədən irəli gələrək, oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edilmişdir. 1994-cü il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 18 oktyabr Dövlət Müstəqilliyi günü elan edilmişdir. Təbiidir ki, həmin Fərman 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının adına uyğun verilmişdir.
Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. O vaxt ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri yeni yaranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini qurmaqdan, dəyişən şəraitə uyğun idarəçilik mexanizmləri hazırlamaqdan ibarət idi. Lakin yeni dövrün tələbləri ilə ayaqlaşa bilən siyasi rəhbərliyin olmadığı şəraitdə hər hansı düşünülmüş dövlət quruculuğundan söhbət gedə bilməzdi. Nəticədə ölkəmiz son dərəcə mürəkkəb problemlərlə qarşılaşaraq çox çətin vəziyyətə düşmüşdü. Hərc-mərclik, hakimiyyət davası ölkəni idarəedilməz vəziyyətə gətirmiş, cəmiyyətdə və dövlətdə dağılma meylləri qarşısıalınmaz xarakter almış, qanunsuz silahlı dəstələrin özbaşınalığı real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirirdilər.
Xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz Ulu öndər Heydər Əliyev kimi siyasət dahisi Azərbaycanın idarəçilik sükanı arxasında olmalıydı. 1993-cü ilin iyununda böyük siyasi və dövlət xadiminin hakimiyyətə qayıtması Azərbaycanın sivil dünyanın bir parçası olmaq imkanının reallaşmasına şərait yaratdı. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, müstəqil Azərbaycan dövlətinin varlığına son qoyula bilərdi.
Ulu öndərin başladığı strateji inkişaf xəttini yaradıcı surətdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan xalqına və dövlətinə heyrətamiz uğurlar gətirib. Onun rəhbərliyi ilə dövlətimizin ən böyük problemi həll edilib, torpaqlarımızın 30 illik işğalına son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycana qarşı ərazi iddiasına düşənlərin layiqli cavabı verilib. Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli bir dövlətdir. İnamla söyləmək olar ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini qoruyub saxlayacaq və daha da möhkəmlənəcəkdir.
Tamerlan Qurbanov - YAP Siyəzən rayon təşkilatının əməkdaşı