“Fransa digər ölkələr kimi sonda Azərbaycanla əlaqələrin qurulmasına meyilli olacaq” - AVP sədr müavini
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon ötən həftə Laçın rayonuna səfər edib. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində ilk dəfə Laçına getdiyini deyən Fransa səfiri burada bərpa işləri başladıqdan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək istədiyini bildirib: “Səfərim Azərbaycanın COP29 sədrliyinin prioritetləri haqqında daha çox öyrənmək üçün yaxşı fürsətdir. Bu bizə regionun bərpa olunan enerji, turizm və kənd təsərrüfatı istiqamətində bərpası haqqında daha çox məlumat əldə etməyə imkan verdi. Buranın spesifik yer olduğunu anlayıram, çünki Laçında Ağdam və digər bölgələrdə olduğu qədər dağıntılar yoxdur. Burada bərpa işləri başlayandan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək maraqlı idi”.
Ann Buayonun Laçına səfərini necə qiymətləndirmək olar? Səfirin bölgədəki dağıntıları etiraf etməsi Parisin ölkəmizə qarşı siyasətində dəyişikliyə işarə ola bilərmi?
Ana Vətən Partiyası (AVP) sədrinin müavini, politoloq Yalçın Hacızadə Herbiand.az-a bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionumuzda yeni siyasi, iqtisadi və hərbi vəziyyət formalaşdı:
“Bəzi ölkələr yeni konfiqurasiyanı qəbul etmək istəmir və əllərindən çıxmış Azərbaycana qarşı siyasi təzyiq vasitəsini yenidən bərpa etməyə çalışır və ya müxtəlif yollarla təzyiq etmək üçün imkanlar formalaşdırmaq istəyirdi. Bu ölkələrdən biri də Fransa idi. Fransa regionda separatizmi dəstəkləməklə siyasi, iqtisadi və hərbi yardım edərək dirçəltməyə meyilli idi. Digər ölkələr kimi Fransa da demək olar ki, zərərsizləşdirildi. Həmin ölkələrin bir çoxu ilə münasibətlərimiz yenidən formalaşdı. Onlar Azərbaycanın regiondakı gücünü qəbul etməyə məcbur oldular. Həmin ölkələrin səfirləri işğaldan azad edilmiş regionlara, əsasən də Şuşaya getməkdən imtina edirdilər. Sonda onlar da getmək məcburiyyətində qaldılar. Düzdür, bu səfərlərin bizim üçün böyük əhəmiyyəti yoxdur. Səfirlər getsə də, getməsə də Azərbaycan regionda öz siyasi və iqtisadi vəziyyətini daha da gücləndirir. Azərbaycan bu gün regionun siyasi-iqtisadi lideridir. Bunu ölkəmizə səfəri zaman Belarusun prezidenti Aleksandr Lukaşenko da bildirdi. Lukaşenko qeyd etdi ki, Azərbaycan artıq təkcə özünün yox, regionun siyasi, iqtisadi və hərbi təhlükəsizliyi üçün çalışmalıdır və buna nail olmalıdır. Biz bu gün buna nail olmuşuq. Məqsədimiz təkcə Azərbaycanla bağlı yox, region ölkələri ilə bağlı olan təhlükəsizliyə qarşı yönələ biləcək qeyri-qanuni yolların qarşısını almaqdır. Ona görə ki, bütün hallarda regionda baş verən təlatümlər Azərbaycana da təsir edir”.
Politoloq qeyd edib ki, Azərbaycanın məqsədi regionda formalaşmış siyasi, iqtisadi mühitdən birgə istifadə etmək, regionun verdiyi iqtisadi kommunikasiya xətlərindən birgə faydalanmaqdır:
“Azərbaycan region ölkələrinə və bunda maraqlı olan digər qüvvələrə əməkdaşlıq üçün təklif edir. Çox təəssüflər olsun ki, Fransa bu münasibəti pozmağa çalışır. Müxtəlif yollarla Azərbaycana qarşı təzyiq vasitələrini formalaşdırır, ermənilərə qarşı soyqırımda ittiham etdi. Bununla bağlı dünyada bir çox beynəlxalq təşkilatlara müraciət edərək bizə qarşı qərarların çıxarılmasına nail olmaq istəyir. Lakin Azərbaycan bunun qarşılığını formalaşdırdığı siyasi sistem vasitəsilə çox gözəl ala bilir. Hesa edirəm ki, Fransa digər ölkələr kimi sonda Azərbaycanla əlaqələrin qurulmasına meyilli olacaq. Ona görə ki, bu Fransanın da maraqlarına uyğundur. Fransa bu tip siyasətin nəticəsi olaraq hazırda dünyanın bir çox ölkələrindən sıxışdırılır”.
Partiya yetkilisinin sözlərinə görə, ümümiyyətlə, cənab Prezident cıxışlarında bir neçə dəfə bildirib ki, Azərbaycanla şantaj və təhdid dili ilə danışmaq olmaz:
“Bu o demək deyil ki, biz özümüzü dünyanın ən güclü ölkəsi hesab edirik və ona görə belə düşünürük. Bu o deməkdir ki, bizə qarşı olan qüvvələrin nə işlər gördüyünü bilirik və görürük. Həmin ölkələr əgər özləri soyqırımla məşğul olursa, Afrika qitəsində minlərlə insanın ölümünə səbəb olubsa, bu gün milyonlarla xalqlar və bir neçə dövlət hələ də neokolonializm siyasətindən əziyyət çəkirsə və müstəqil ola bilmirsə, həmin ölkələrin bizi soyqırımda və separatizmdə ittiham etməsi çox yersizdir. Görünən odur ki, Azərbaycanın əlində həmin ölkələrə qarşı təzyiq etmək üçün daha çox mexanizmlər var. Bu mexanizmləri də həmin ölkələr formalaşdırıb. Əgər Fransa bu gün Afrikanın və dənizaşırı ölkələrin xalqlarına müstəqillik vermirsə və müstəmləkə kimi saxlamağa çalışırsa əlbəttə, Azərbaycana qarşı təzyiq etmək istədikdə biz də həmin xalqlara dəstək verəcəyik və bu beynəlxalq hüquqdan irəli gələn bir məsələdir. Düzdür, bu gün Fransanın dövlət rəsmiləri Azərbaycana qarşı qarayaxma kampaniyası apararaq bildirirlər ki, guya biz onların daxili işlərinə qarışırıq. Halbuki, hansısa xalqın müstəmləkədən azad olunmasına dəstək vermək, onlara qarşı olan soyqırımı və təzyiqi ictimailəşdirmək dövlətlərin daxili işidir. Hesab edirəm ki, Azərbaycan bu işi davam etdirəcək”.
Yalçın Hacızadə vurğulayıb ki, Fransa səfirinin Laçına getməsi əlbəttə, Fransa hökümətinin razılığı ilə olub:
“Bu bizim üçün böyük məsələ deyil. Cənab Prezident çxışıların birində digər ölkənin səfirinin Şuşaya getməsi ilə bağlı məsələyə münasibət bildirən zaman qeyd etdi ki, onların gedib-getməməsi bizim üçün əhəmiyyətli deyil və biz öz işimizi davam etdiririk. Prezident eyni zamanda, Fransa səfirinin Laçına getməsinə də bu istiqamətdə yanaşa bilər. Hesab edirəm ki, Fransa sonda regionda siyasi, iqtisadi və hərbi vəziyyəti qəbul etməyib torpaqların işğaldan azad olunması ilə bizə qarşı olan təzyiq vasitəsini əlindən çıxarmış ölkələr kimi mövcud reallığı qəbul edəcək və Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olacaq. Çünki Fransa bu gün Afrika qitəsindən sıxışdırılır. Fransanın iqtisadi vəziyyətinin formalaşmasında bu qitədən əldə etdiyi təbii sərvətlərin böyük əhəmiyyəti var idi. Bu gün həmin təbii sərvətlər Fransanın əlindən çıxır və enerji sahəsində əldə etdiyi materialları digər ölkələrdən əldə etməlidir. Bir daha deyirəm ki, Fransa sonda digər qüvvələr kimi Azərbaycanla siyasi-iqtisadi əlaqələrin qurulmasına məcbur olacaq və bizimlə heç bir təhdid dili ilə danışmağın uğur olmayacağını görəcək”.