Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir
Bu il may ayının 20-si 2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib. Açılış mərasimində qonaqları salamlayan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsinin sənətsevərlər üçün əlamətdar hadisə olduğunu qeyd edib. Bildirib ki, tarixi köklərə əsaslanan Azərbaycan-Tacikistan əməkdaşlığı dövlət başçılarımızın dostluğu və müntəzəm qarşılıqlı səfərləri ilə ildən-ilə genişlənir: “Bu dostluq münasibəti mədəni əlaqələrin də inkişafına öz töhfəsini verir. Görkəmli mədəniyyət xadimlərinə həsr olunan layihələr, həmçinin kitab dövriyyəsi, ədəbiyyat mübadiləsi həyata keçirilir. Tacikistanda dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəvini çox sevirlər. Dahi şairin əsərləri tədris proqramlarına daxil edilir. Görkəmli Azərbaycan heykəltaraşları Fuad Əbdürrəhmanov, Ömər Eldarov və digərlərinin əl işlərini Tacikistanın paytaxtı Düşənbə şəhərində görmək mümkündür. Bu gün UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında Azərbaycan və Tacikistanın birgə təqdimatı ilə nominasiya faylları yer alır. Bu da bəzi mədəni sərvətlərimizin müştərək qorunması deməkdir”. Nazir bildirib ki, Tacikistan Mədəniyyəti Günləri paytaxt Bakı ilə yanaşı, Gəncə şəhərində də təşkil olunacaq: “Bu da daha geniş kütlənin Tacikistanın zəngin mədəniyyəti ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, mədəniyyət günləri çərçivəsində təqdim olunacaq zəngin proqram mədəni əməkdaşlığımızın dərinləşməsinə və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək”. Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Tacikistan Respublikasının mədəniyyət naziri Matlubakhon Sattorıyen iki ölkənin dövlət rəhbərlərinin dəstəyi və himayədarlığı ilə möhtəşəm bir mədəni mübadilənin şahidi olduqlarını deyib. Vurğulanıb ki, ölkələrimiz arasında diplomatik əlaqələrin əsası qoyulandan bütün sahələrdə eyni səviyyəli əməkdaşlıq həyata keçirilir: “Tacikistan və Azərbaycan son illərdə intensiv mədəni əməkdaşlıq edirlər. Mədəni mübadilənin dinamikası əlaqələrin yüksək səviyyədə inkişafının göstəricisidir. Mədəni əlaqələrimizin dərin kökləri var. Tacikistanda böyük Nizaminin “Xəmsə”si hər zaman aktualdır. Tacik xalqı Azərbaycanın mədəniyyətini və incəsənətini həmişə yüksək dəyərləndirib. Yüzilliklər ərzində Azərbaycan xalqı öz zəngin mədəniyyətini yaradıb və qoruya bilib. Mədəniyyət günləri xalqlarımızın mədəni mübadiləsinə xidmət edir və əlaqələrimizin inkişafına dəyərli töhfə verir”.
Sürayyə Zeynalova
Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru.