İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi
Azərbaycanın Respublikasının Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi və ya İstiqlal Əqdnaməsi 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəddir. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi. Dövlətimizin başçısı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Samir Talıbov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı