Demokratik ənənələr
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa müddətdə reallaşdırdığı mühüm məsələlər idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirmişdir. O dövrdə yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etmişdir. AXC bu inqilabi qərarı verərkən Qərbdə bir çox dövlətlər bu barədə hələ heç düşünməmişdilər. AXC dövründə qəbul olunmuş üçrəngli bayrağımız bu gün də müstəqil respublikamızın bayrağıdır. 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşdırılması və gücləndirilməsinə tarixi töhfələr vermişdir. Əlbəttə, biz bu gün AXC-nin xalqımızın tarixi taleyində rolundan bəhs edərkən milli mənəvi dəyərlərimizin, tarixi kimliyimizin qorunması istiqamətində görülən işlərin də müstəsna əhəmiyyətini qeyd etməliyik. Belə ki, ali qanunverici orqan tərəfindən qəbul edilən 1918-ci il 27 iyun tarixli qərara əsasən, Azərbaycan dili dövlət dili elan olunmuşdur. O dövrdə təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olmuşdur. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. AXC parlamentinin 1919-cu ilin sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi Qanun isə ölkəmizdə milli təhsil sisteminin inkişafı və vətənpərvər milli kadrların hazırlanması baxımından müstəsna rola malik olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 1918-ci il 27 iyun tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanlarında və digər qurumlarda vəzifə daşıyanların ancaq bu dili bilənlər olacağı bəyan edilmişdir. Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir.
Gülnarə Mirzəliyeva
Saatlı MKS-nin əməkdaşı