Nəqliyyat sektoru əməkdaşlığımızın mərkəzindədir
Tacikistan prezidenti Emoməli Rəhmonun Bakıya səfəri Azərbaycanın apardığı çoxvektorlu xarici siyasətin bariz nümunəsidir. Ölkəmiz getdikcə Mərkəzi Asiya regionunda imkanlarını genişlənir və mövqelərini möhkəmləndirir. Son dövrlər kifayət qədər mühüm və əlverişli coğrafi mövqedə yerləşən Tacikistanla əlaqələrimiz daha sıx xarakter daşımağa başlayıb. Prezident İlham Əliyevin dediyi kimi, “Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır”. Hazırda digər sahələrlə yanaşı nəqliyyat sektoru ölkə rəhbərlərinin diqqət mərkəzindədir. Ölkə başçımızın bəyan etdiyi kimi, “Nəqliyyat sektoru əməkdaşlığımızın mərkəzindədir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir”.
Türkiyə, Azərbaycan və Qazaxıstandan keçən Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün mühüm istiqamətdir: “Bu, təbii ki, Tacikistanı da cəlb edir. Burada hər şeyi bütövlükdə nəzərdən keçirmək lazımdır. Azərbaycan üçün, məlum olduğu kimi, prioritet layihə Şərqi Zəngəzur iqtisadi rayonundan Türkiyəyə nəqliyyat əlaqələrinin yaradılmasıdır ki, bu da nəqliyyat-logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin tərkib hissəsinə çevriləcəkdir. Eyni zamanda, bunlar sadəcə kağız üzərində olan layihələr deyil. Son iki ayda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib ki, görülən tədbirlər sayəsində cəmi 12 gün ərzində Gürcüstan limanlarına çatdırılıb. Əvvəllər belə daşınma təxminən 40-50 gün çəkirdi. Əlbəttə ki, ölkəmizin həyata keçirdiyi layihələrə haqlı maraq göstərilir. Azərbaycan qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və həyata keçirilməsinə qadir dövlət kimi öz reputasiyasını çoxdan təmin edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi layihələr bir sıra dünya dövlətlərinin müqavimətinə baxmayaraq, reallaşdı”.
Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və həyata keçirilməsi ilə yanaşı, dünyanın müxtəlif regionlarında öz təsir dairəsini genişləndirir: “Ölkəmiz türk və islam dünyasında, Mərkəzi Asiya və Şərqi Avropa regionunda şəksiz nüfuza malikdir. Ölkəmiz Aİ-də ən mühüm enerji müttəfiqi adlanır. Bakı ilə Pekin arasında çox isti və inamlı münasibətlər inkişaf edir. Mərkəzi Asiya dövlətləri və Azərbaycan ardıcıl olaraq birgə ticarət, enerji və nəqliyyat təşəbbüslərinə əsaslanan strateji müttəfiqlik yaradırlar. Bu tərəfdaşlıq son illərdə qlobal geosiyasi dəyişikliklər və region ölkələrinin birgə iqtisadi layihələrinin həyata keçirilməsi yolu ilə əməkdaşlığı artırmaq istəyi fonunda daha da genişlənir”.
Sədafər Hüseynov
Saatlı rayon Ağsaqqallar Şurasının sədri