Yaşıl dünya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
Müxbirin "COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz ?" sualına cavab olaraq İlham Əliyev bildirib ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.
Azərbaycanın 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29-a ev sahibliyi etməsi böyük məsuliyyətdir. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi və ölkəmizə olan böyük inamın təzahürüdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələrin sırasında olan Azərbaycan bərpaolunan enerji sektorunun yaradılması istiqamətində önəmli addımlar atıb. Dünyanın nəhəng şirkətləri ilə anlaşma memorandumları imzalanıb. Ölkəmiz bütün sahələrdə olduğu kimi, bu məsələdə də Cənubi Qafqazda birincidir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmizin hədəfi 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə, iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirərək bir daha özünün dünya liderliyini təsdiq edəcək.
Ayşən Abbasova
YAP Şuşa rayon 3 nömrəli Ərazi Partiya Təşkilatının üzvü
Şuşa şəhər 12 nömrəli tam orta məktəbin müəllimi