Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir
Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə vermişdir. COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır. Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etmişdir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir. Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar. COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.
Əgər Azərbaycan yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar atsa, bu, ən vacib miras olacaq. COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.
İlkin Quluzadə, İmişli Rayon İcra hakimiyyəti başçısı aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi