Şuşada böyük infrastruktur layihələri reallaşdırılır
Şuşanın işğaldan azad edilməsi təkcə strateji və hərbi baxımdan deyil, mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyır. Şuşa bütün azərbaycanlıların qürur mənbəyi, Mədəniyyət paytaxtımızdır. Şuşa həm də türk dünyası, ümumiyyətlə islam dünyası üçün əziz şəhər, mədəniyyət ocağıdır. Prezident İlham Əliyev 10 may tarixində ulu öndər Heydər Əliyevin 101-ci doğum günündə şuşalılarla yanaşı bütün xalqımıza tarixi bir gün yaşatdı. 32 ildən sonra şuşalılar öz doğma yurd yerinə Şuşa şəhərinə döndülər. Prezident İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdü və Şuşanın azad edilməsində Azərbaycanın əsgər və zabitlərinin göstərdiyi igidlikdən, 32 il əvvəl Şuşanın işğal səbəbi barədə çıxış etdi. Şuşanın işğaldan azad edilməsi xalqımızın ləyaqətinin özünə qaytarılması və müharibədə Zəfərimizin təntənəsi idi. Şuşanı işğaldan azad edən igid əsgərlərimiz dünya hərb tarixinə yazılan böyük igidlik göstərmişdilər.Ümumiyyətlə Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurun azad edilməsində şücaət göstərdilər, düşmən azərbaycanlıların sarsılmaz ruhunu, əzəmətini gördü.İşğaldan azad olunduqdan sonra Şuşada çox mühüm layihələr uğurla icra olunub. Bu müddət ərzində bu qədər işləri görmək Prezident İlham Əliyevin qətiyyətinin, dövlətimizin qüdrətinin göstəricisidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir. Bu gün Şuşada böyük infrastruktur layihələri reallaşdırılır, yeni yaşayış kompleksləri inşa edilir, infrastruktur yenidən qurulur, ermənilərin dağıtdıqları, təhqir etdikləri məscidlərimizin bir hissəsi öz əvvəlki görünüşlərini saxlamaqla yenidən inşa edilmiş, qalan məscidlərimiz də təmir etdirilir. Buraya qayıdan sakinlərin məşğulluq məsələsi də öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir. Bu, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olmasının nümunəsidir. Azərbaycan bu inkişaf, tərəqqi yoluna Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qədəm qoydu. Həmin vaxta qədər ölkəmizdə xaos, özbaşınalıq hökm sürürdü. Hakimiyyətə gəlmək üçün AXC Musavat cütlüyünün satqınlığı Şuşanın işğalına səbəb olmuşdur.Alınmaz qala olan Şuşa yiyəsiz qalmışdır. O vaxt hakimiyyətdə olanların qorxaqlığı da Şuşanın ermənilərə təhvil verilməsinin səbəblərindən idi. Şuşanın işğalı nəticəsində hakimiyyətə gələnlər bugünkü gələbəmizə də sevinmirlər. Onların düşüncələri Ermənistandakı revanşist qüvvələrlə eynidir. Ulu öndər Heydər Əliyev xalqın haqlı tələbi ilə hakimiyyətə gəldikdən sonra ordunu bir komandanlıq altında birləşdirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli rayonunda keçirilən hərbi əməliyyatlar nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad edildi. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində 1994-cü ildə Ermənistan atəşkəsə məcbur edildi və Azərbaycan siyasi, iqtisadi, hərbi cəhətdən güclənməyə başladı. Prezident cənab İlham Əliyev çıxışında Ermənistandakı revanşist qüvvələrə və onlara havadarlıq edən ölkələrə xəbərdarlıq etdi. Bu gün Fransa da, Amerika da bilməlidilər ki, bölgədə Azərbaycan ən güclü və güdrətli bir dövlətdir və Azərbaycanın iradəsindən kənar heç bir məsələ həll oluna bilməz.Ermənistanı silahlandıran Fransa başa düşməlidir ki, Azərbaycana qarşı yönəldiləcək istənilən hərbi təxribatın qarşısı qəti və sərt şəkildə alınacaq. Heç bir dövlət və ya qüvvə Azərbaycanın qarşısında dayana bilməz.
Zamir Güvəndiyev
YAP Şəmkir rayon təşkilatının sədr müavini