PARLAMENT SEÇKİLƏRİNİN VAXTI...
Fəzail Ağamalı: Vaxtın dəyişdirilməsi daha real görünür
Ana Vətən Partiyası (AVP) da seçkinin vaxtının dəyişdirilməsi ehtimalına hazırlıqlıdır.
Partiyanın sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, bu il parlament seçkilərinin keçirilməsi gözlənilən idi: “Qanunvericiliyə əsasən seçkilər bu ilin noyabr ayında baş tutmalıdır. Seçkinin vaxtının dəyişdirilməsi ehtimalı ilə bağlı zaman-zaman ictimaiyyət arasında müzakirələr olub, fikirlər səsləndirilib. Paralel olaraq bu ilin noyabrında həm də qlobal əhəmiyyət kəsb edən, dünya səviyyəli bir tədbir - COP 29-da ölkəmizdə keçiriləcək. Vaxt məsələsi üst-üstə düşməsi səbəbilə seçkinin vaxtının dəyişdirilməsi daha real görünür. MSK sədrinin açıqlaması bu yöndə olan tərəddüd və gümanlara son qoydu. Fikrimcə, verilən məlumat daha çox konkretlik mahiyyəti kəsb etdi və bu ilin yayın sonunda seçki keçirilməsi mümkündür”.
F.Ağamalı qeyd edib ki, seçki prosesinə hazırlıqla bağlı artıq uzun müddətdir ki, partiya daxilində müzakirələr aparılır, addımlar atılır. Partiya bütün gücü ilə seçkiyə hazırlaşır. “Yenə də öz mövqeyimizi ortaya qoymağa çalışacaq, seçkidə namizədlərimizlə iştirak edəcəyik. Ölkəmizdə mükəmməl seçki qanunvericiliyi var, demokratik seçkilərin keçirilməsi üçün azad şərait, siyasi iradə ortadadır. Zəngin təcrübəmiz hər kəsə bəllidir. Seçici marağı yüksək səviyyədədir. Bu gün ölkəmizdə mühüm proseslər gedir. Ərazi bütövlüyümüz təmin edilib, suverenliyimiz bərpa olunub. Bu möhtəşəm işlər qısa zamanda baş tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bütün bu işlər yüksək siyasi fəallığa yol açır. Seçicilərin bu seçkidə də fəal iştirak edəcəyinə inanıram”.