COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir
Aprel ayının 25-də Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı aprelin 26-da Almaniyada mətbuat konfransında çıxışı zamanı da diqqətə çatdırdı ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Mətbuat konfransında cənab Prezident həmçinin, qeyd etdi ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı kimi həm də Avropa üçün yaşıl enerji təchizatçısı olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük hadisədir. Bu ilk öncə onu göstərir ki, Azərbaycan müasir çağırışların öncüllərindən biri və qlobal problemlərə həssaslıqla yanaşan bir ölkədir. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur. Son vaxtlar dünyada gədən proseslər, yaşıl enerji məsələsinə diqqətin artırılması, belə vacib tədbirin isə məhz Azərbaycanda keçilməsi ölkəmizin beynəlxalq nüfuzuna daha da müsbət təsir edəcək. Yaşıl enerjiyə keçidlə əlaqədar Azərbaycanın gördüyü tədbirlər və bu istiqamətdə dövlət başçısının xüsusi rolu mütləq qeyd edilməlidir.
COP29-un Azərbaycanda keçirilməsi dövlət başçımızın da söylədiyi kimi, bizim üçün fürsətdir. Çünki bizim dünyaya deyəcək sözümüz çoxdur. Təbii ki, ev sahibliyi etməyin əsas üstünlüklərindən biri onminlərlə qonağın ölkəmizə gəlməsi olacaq. Azərbaycan COP29-u həm də sülh prosesinin nəticəsi hesab edir. Ev sahibi kimi COP-un gündəliyinə bəzi əlavələr edə bilərik. Prezident İlham Əliyev bəyan etmişdi ki, belə məsələlərdən biri sülh olacaq. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Rəsmi Bakı bu kontekstdə etimadın yaranmasını xüsusi qiymətləndirir. “Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni, biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi”, deyə ölkə başçımız bildirdi".
Azərbaycan COP29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin açıq şəkildə müzakirəsinin tərəfdarıdır: "Həmçinin, ölkəmiz neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmağa çalışır. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan COP29 üçün bir yenilik olan üçlük mexanizmini yaradıb.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Tural Məlikov,
YAP Salyan rayon təşkilatının əməkdaşı