Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
Dünyada elə ölkələr var ki, onların digər dövlətlərlə əlaqələrinin gələcəkdə daha da intensivləşməsi, dərinləşməsi real görünmür. Amma Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər tamam fərqli rakursdan dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hər iki respublikanı yaxınlaşdıran kifayət qədər çoxlu amillər sadalamaq mümkündür. Azərbaycan-Qırğızıstan münasibətlərindən söz açarkən ilk növbədə tarixi bağlılığı vurğulamaq lazımdır. Belə ki, Azərbaycan və Qırğız xalqları eyni dinə oxşar dilə, mədəniyyətə və ənənələrə malikdirlər. Hətta hər iki xalqın folklorunda və yazılı ədəbiyyatında eyni personajlara belə təsadüf olunur. Bu gün Azərbaycan və Qırğızıstan xalqları arasında yaxınlaşmağa, əlaqələri daha yüksək səviyyəyə qaldırmağa böyük istək var.
Hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim var. Daha 3 soydaşımız isə Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilib. Tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardandır. Təsadüfi deyil ki, məşhur yazıçının 85 və 90 illik yubileyləri ilə bağlı Azərbaycanda tədbirlər keçirilib.
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə həmişə böyük önəm verir. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir. Qırğızıstanın dövlət başçısı Sadır Japarovun Azərbaycana rəsmi səfəri, cənab Prezidentlə görüşləri və işğaldan azad olunmuş ərazilərə birgə səfərləri ölkələrimiz arasındakı dostluğun, xalqlarımız arasındakı qardaşlığın bir daha əyani təcəssümüdür.
Ölkələrimiz müstəqillik əldə etdikdən sonra qurulmuş bu münasibətlər Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə inkişafa başlamışdır. Ulu Öndərin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün qardaş Qırğızıstana səfər etməsi olduqca mühüm hadisə idi. Daha sonra hər iki ölkədə diplomatik nümayəndəliklər təsis olunub və ölkələrimizin bugünkü münasibətlərinə qədər gəlib çıxıb. Tarixinin ən parlaq dövrünü yaşayan dövlətlərarası münasibətlər istər ikitərəfli, istərsə də beynəlxalq miqyasda mühüm yer tutur. Məhz dövlət başçılarının səfərləri, keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər, Dövlətlərarası Şuranın iclasları, imzalanmış sənədlər münasibətlərin inkişafına xüsusi töhfə verir.
Bütün sahələrlə bərabər, mədəni əlaqələrin inkişafı, mədəniyyət günlərinin keçirilməsi, Bakı şəhərində Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılması həm də ortaq mədəniyyətimizə verilən qiymətdir, bu dəyər həm də bütün sahələrdəki əməkdaşlığın inkişafına stimul verir.
25 aprel tarixində dövlət başçılarının birlikdə Füzuliyə, Ağdama səfəri, Füzuli şəhərinin Baş Planı ilə, eləcə beynəlxalq jurnalistlər tərəfindən ermənilərin törətdiyi barbarlığın əyani təcəssümü olan və “Qafqazın Xirosiması” adlanan Ağdam şəhərində görülən işlərlə tanışlıq mütərəqqi hadisədir.
Tarixi Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsindən dərhal sonra başlanmış quruculuq işləri bu gün son sürətlə davam edir. Sözügedən səfərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılmış abadlıq və quruculuq işləri ilə tanışlığa imkan yaratdı.
Qırğızıstanın Prezidenti Sadır Japarovun Ağdam rayonunda məktəbin tikilməsi təşəbbüsü ilə çıxış etməsi, dünən isə dövlət başçılarının ilk təməllərini atdıqları Ağdam rayonu Xıdırlı kənd məktəbi dövlətlərimiz arasında olan dostluğun əsas simbollarından birinə çevriləcəkdir. Məhz bu məktəb həm də Qırğız xalqının ölkəmizə, xalqımıza verdiyi dəyərdir.
Adilə Mirzəxanlı,
YAP Salyan rayon təşkilatı 6 nömrəli İşarəvermə və Rabitə Sahəsi ƏPT-nin sədri