Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoymuşdur. Tədbirdən sonra dövlətimizin başçısı çıxış etmişdir. Çıxışı zamanı bildirmişdir ki, Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlandırılır və yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Şirvan kanalının əhəmiyyəti də göz önündə olacaqdır. Bu, bizim ən böyük - suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaqdır. Əminəm ki, yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək.
Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk. Eyni zamanda, Qarabağ kanalının da, - vaxtilə bu, Yuxarı Qarabağ kanalı adlandırılmışdır, indi isə bunun adı Qarabağ kanalıdır, - inşası ilə əlaqədar Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq. Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.
Ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir, çünki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər gördüyümüz işlərdə əks olunur.
Vuqar Qafurov.