“Nümayəndələr Palatasının hərbi yardım paketini qəbul etməsi diqqətləri yenidən bu istiqamətə yönəltdi” - Pərviz Mirizadə
ABŞ Nümayəndələr Palatası bir neçə aylıq müzakirələrdən sonra axır ki, Ukrayna üçün nəzərdə tutulan 60 milyard dollarlıq hərbi yardımı qəbul etdi. Çox böyük ehtimalla, Senat da bunu qəbul edəcək. ABŞ prezidenti Co Bayden qərarı dərhal imzalayacağını bildirib. Hərbi yardım prezidentin təsdiqindən bir neçə gün sonra göndəriləcək.
Ana Vətən Partiyası (AVP) sədrinin Beynəlxalq məsələr üzrə köməkçisi Pərviz Mirizadə açıqlamasında bildirib ki, yaxın Şərqdə baş verən hərbi-siyasi proseslər Rusiya-Ukrayna müharibəsini ikinci plana atsa da, ABŞ Nümayəndələr Palatasının bir neçə aylıq müzakirələrdən sonra Kiyevə 60 milyard dollarlıq hərbi yardım paketini qəbul etməsi diqqətləri yenidən bu istiqamətə yönəltdi:
“Prosesi hərbi aspektdən şərh edərkən Birləşmiş Ştatların Ukraynaya verməyi planlaşdırdığı silahları qeyd etməkdə fayda var. Sözügedən siyahıya HIMARS raketləri və onlar üçün sursat, mərmi, Patriot Hava Hücumundan Müdafiə sistemləri, ATACMS qanadlı raketləri, artilleriya sistemləri, sursat, mərmi, qəlpə, tank əleyhinə raket kompleksləri, Radioelektron Mübarizə Sistemləri, anti-dron və radar sistemləri, F-16 qırıcılarının verilməsini qısa zamanda sürətləndirmək, Ukraynanın humanitar və enerji infrastrukturuna dəstək daxildir. Göründüyü kimi, siyahı kifayət qədər geniş olsa da, hərbi əməliyyatlarda əsaslı dönüşün olacağını demək o qədər də inandırıcı səslənmir. Çünki Ukrayna üçün silah-sursat çatışmazlığı hər nə qədər mühüm faktor olsa da, canlı qüvvə yetərsizliyi də bir o qədər əlavə problemlər yaradır. Ukrayna ordusu istər hücum əməliyyatları, istərsə də müdafiə döyüşlərində rəqibi qarşısında ciddi çətinliklərlə üzləşir. Çünki Rusiyanın texnika və canlı qüvvə potensialı rəqibini dəfələrlə üstələyir. Lakin Qərb silahlarının texnoloji üstünlüyünü nəzərə alarsaq, Moskva üçün əlavə problemlərin yaranması qaçılmazdır. Bunu təsdiq edən bir faktı qeyd edim ki, Ukrayna ordusu bir neçə gün öncə Rusiyanın Krımda yerləşdirdiyi HHM batareyalarına HIMARS raketləri vasitəsilə zərbələr endirdi. Bunun nəticəsində yarımadaya yerləşdirilən “S-400 Triumf” HHM sistemləri zərərsizləşdirildi. “S-400” HHM sistemləri Rusiyanın bu seqmentdə istifadə etdiyi ən müasir silah sistemidir və hətta bu sistem Qərb artilleriyasının texnoloji üstünlüyünə məğlub oldu”.
AVP sədrinin Beynəlxalq məsələr üzrə köməkçisinin sözlərinə görə, proseslərə siyasi çərçivədən nəzər saldıqda isə aydın gönünür ki, kollektiv Qərb münaqişə üzərindən məharətlə imitasiya edir:
“Hesab edirəm ki, Qərbin əsas düşüncəsi tərəflərdən heç birinin əzici üstünlüyə malik olmaması yönündədir. Reallıq ondan ibarətdir ki, ABŞ Ukrayna münaqişəsinin bitməsində maraqlı deyil. Onlar Rusiyanı ölkənin dərinliklərinə çəkmək üçün zamanla Ukraynaya dəstəyi azaldır və ardınca Kiyevə bu günlərdə olduğu kimi dəstək təmin etməklə əks-zərbə ssenarisini aktuallaşdıraraq daimi xarakter daşıyan xaotik bir vəziyyət yaradırlar. Bu ssenari tamamilə ABŞ-ın maraqlarına xidmət edir. Çünki davam edən müharibə Rusiya əleyhinə istifadə olunacaq ən mükəmməl təzyiq riçaqıdır. Müharibəyə başı qarışmış Rusiya sülh dövründə olduğundan daha zəif və təsirsizdir. Biz bir nüansı anlamalıyıq ki, Rusiya-Ukrayna müharibəsi hərbi baxımdan hər nə qədər iki ölkə arasında aparılsa da, prosesin ardında qlobal xarakterli planlar yatır. Çinin sürətli inkişaf tempini əngəlləmək istəyən Vaşinqton dolayı yollarla rəsmi Pekinin tərəfdaşlarını təsirsiz etməyə çalışır. Kollektiv Qərb müharibəni əsas gətirərək NATO-nun genişlənmə strategiyasını uğurla icra edir və Çinə qarşı bolklanmanı artırır. Bu, hadisələrin dərin məntiqində yatan əsas səbəbdir”.