Türk Neyrocərrahiyyə Dərnəyinin Elmi Konqresində Kliniki Tibbi Mərkəzdə icra edilən önəmli bir əməliyyatın təqdimatı keçirilib
18-21 aprel tarixlərində Türk Neyrocərrahiyyə Dərnəyinin 37-ci Elmi Konqresi keçirilib. Neyrocərrahiyyənin inkişafının, nəzəri və praktiki məsələlərin, bu sahədə araşdırmaların ortaq platformada təqdim olunduğu, bilik və təcrübələrin paylaşılaraq müzakirə edildiyi konqresdə müxtəlif konfranslar, panellər, kurslar keçirilir.
Öz sahələrinin mütəxəssisi olan alimləri, gənc akademikləri bir araya gətirən konqresdə azərbaycanlı uzmanlar da iştirak edib.
Sözügedən konqresdə tibb üçün nadir hesab edilən bir ağırlaşma əməliyyatının Azərbaycanda uğurla icra edilməsinin təqdimatı həyata keçirilib. Belə ki, vətəndaş yol-nəqliyyat hadisəsindən sonra nadir görülən ağırlaşma ilə Qusar rayonundan Kliniki Tibbi Mərkəzə gətirilib, xəstə əməliyyat edildikdən sonra sağlamlığına qovuşub.
TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzdə icra edilən əməliyyat uzman neyrocərrah Nicat Bayramlı tərəfindən həyata keçirilib. Eyni zamanda, KTM-in uzman neyrocərrahı Fərid Qaralov, Acil tibb uzmanı Tural Əliyev, anestezioloq-reanimatoloqu Ülviyyə Qurbanovanın birgə işinin uğurlu nəticəsi də vurğulanıb.
Ölkəmizin dövlət müəssisəsində bu cür nadir ağırlaşma əməliyyatının uğurlu icrasının tibb üçün önəmi konqres iştirakçılarının diqqətinə çatdırılıb.
Toplantıda həmçinin KTM-in uzman neyrocərrahı Nicat Bayramlının “Kombine Petrozektomi. Anatomik temeller” mövzusunda məruzəçi qismində çıxışı da baş tutub. O, iştirakçıların suallarını cavablandırıb, fikir mübadiləsi aparılıb.