Fədakar həkim, qayğıkeş insan
Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 101, əbədiyyətə qovuşmasının 39-cu ildönümüdür. Azərbaycan qadınlarına məxsus ləyaqətli ömür yaşamış Zərifə xanımın ürəklərdə əbədi yaşayan nurlu xatirəsi xalqımız tərəfindən hər il hörmətlə anılır.
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlarına yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Zərifə xanım həkimlik peşəsini çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.
Zərifə xanım Əliyevanın elmi-tədqiqatlara olan sonsuz marağı onu Oftalmologiya Elmi Tədqiqat İnstitutuna gətirib çıxarmışdı. O, bu ixtisası seçərkən ölkə əhalisinin bu sahəyə böyük ehtiyacı olduğunu düşünmüş və Vətənə bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək bu addımı atmışdı. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma göz xəstəliyinə qarşı təsirli müalicə üsulları yox idi. Bu xəstəliklə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə Respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Zərifə xanım elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. O, traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olmuşdur.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi" adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" demişdir.
Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi. Ulu Öndər Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanım haqqında belə demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”
Bu, Ulu Öndər tərəfindən Zərifə xanımın həyat və yaradıcılığına verilən ən böyük dəyərdir. Eyni zamanda, bu işıqlı qadın- ana ömüründən hər bir azərbaycanlı xanımın pay alması milli- mənəvi dəyərlərimizə, ailə bağlarımıza qiymətli töhfədir.
Günel Dadaşova,
Salyan rayon gənci, YAP fəalı