Bəşər tarixinin ən qanlı səhifələrindən biri - 31 Mart soyqırımı
Qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Mart Soyqırımı Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və digər bu kimi bölgələrimizdə də törədilmişdir. Qoca, qadın, uşaq demədən on minlərlə günahsız soydaşımızın kütləvi qətli xalqımızın qan yaddaşında silinməz izlər buraxmışdır.
Mart Soyqırımından bir il sonra tarixi hadisələri gizlətməkdə və ya saxtalaşdırmaqda hər zaman “mahir” olan ermənilər baş vermiş bu qanlı hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi dünyaya təqdim etməyə çalışırdılar. Belə ki, 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını həyasızcasına inkar edir, həmin hadisələr zamanı guya öldürülən cəmi 1 000 nəfərdən 300-nün erməni və rus, 700-nün isə müsəlman olduğunu iddia edirdi.
Tarixi təhrif etmək mümkündür, lakin tarixi həqiqətləri, yaşanmış gerçəklikləri gizlətmək, onları silmək əsla. Belə ki, hələ 1918-ci ildən öncə 1905–1906-cı illərdə Naxçıvan, Qarabağ, Şirvan, Borçalı, İrəvan və digər ərazilərdə də xalqımıza qarşı qanlı qırğınlar, deportasiyalar törədilmişdi. Belə ki, həmin vaxtlar təkcə İrəvan quberniyasının 199 kəndində yaşayan 135 000 azərbaycanlı qətlə yetirilmiş, evləri yandırılmışdı. Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdiyi qanlı qırğınları, soyqırımları qələmə alarkən yazırdı: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi”.
Təəssüflər olsun ki, sovet hakimiyyəti dövründə də xalqımıza qarşı etnik təmizləmə siyasəti davam etdirilmişdir. Belə ki, 1947–1953-cü illərdə yüzminlərlə soyadışımız öz tarixi yurd-yuvalarından – Qərbi Azərbaycandan zorla didərgin salınmışlar. Tarixi torparlarımızdan olan Zəngəzur mahalı isə 1923-cü ildə Azərbaycandan qopardılaraq, Ermənistana birləşdirilmişdir.
Tarixin sonrakı mərhələlərində isə xalqımızın qan yaddaşını silmək, acı keçmişini unutdurmaq və fürsət yarandığı təqdirdə öz çirkin planlarını yenidən gerçəkləşdirmək niyyətilə “Böyük Sovet ailəsi”, “Mehriban qardaş xalqlar” kimi siyasi oyunlar oynalındı, məkrli planlar cızildi. Nəhayət 1988-ci ildən başlayaraq yeni ərazi iddiaları ilə Qarabağda vaxtilə köçürülmüş ermənilər tərəfindən separatizm meylləri yenidən alovlanmağa başladı. Ölkədə tüğyan edən siyasi gərginlik və hərcimərclikdən məharətlə yararlanan məkrli düşmən torpaqlarımızı ard-arda işğal etməyə başladı.
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən istiqlaliyyəti uğrunda çarpışan, mübarizəyə qalxan əliyalın, dinc əhaliyə qarşı bəşəri cinayət törədildi. 1992-ci il fevralın 25-dən 26-sına gecə isə Xocalı şəhərinin sakinlərinə qarşı tarixdə misli görünməmiş kütləvi qırğın – Xocalı Soyqırımı törədildi. Yüzlərlə günahsız soydaşımız qanına qəltan edildi, meyitləri qanasusamış erməni cəlladları tərəfindən müxtəlif təhqirlərə məruz qaldı.
Xalqımızın başına gətirilmiş bu kimi cinayətlər, məkrli oyunlar bəlkə də unutqanlığımızdan, keçmişimizi düzgün şəkildə arşadırıb, təbliğ edə bilmməyimizdən irəli gəlirdi. Belə ki, hələ 1919-cu ildə Mart Soyqırımının ildönümü ilə əlaqədar böyük Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli özünün “31 mart” adlı məqaləsində yazırdı: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.
Mart Soyqırımına ən layiqli qiymət isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, Ulu Öndər tərəfindən imzalanan 26 mart 1998-ci il tarixli Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanılmışdır. Beləliklə, o gündən başlayaraq xalqımızın erməni cəlladları tərəfindən soyqırıma məruz qalması təkzibolunmaz faktlarla bütün dünyaya bəyan edilməyə başlanıldı.
Beləliklə, bu gün biz azərbaycanlılar böyük inam və əminliklə söyləyə bilərik ki, öz haqlı mövqeyini qoruyan, müdafiə edən, tarixi həqiqətləri dünyaya bəyan edən, düşmən üzərində siyasi, iqtisadi və hərbi cəhətdən üstün, əzici mövqeyə malik müstəqil və azad ölkənin vətəndaşlarıyıq.
Bu dövlət layiqli davamçı, müdrik rəhbər, öz xalqına, vətəninə, adət və ənənələrinə, milli kimliyinə canı və qanı ilə bağlı olan, onu daim sevən, yaşadan Prezident cənab İlham Əliyev tərəfindən günü-gündən inkişaf edir, möhkəmlənir və öz hərbi qüdrətini artırır. Bu isə gələcəkdə 31 Mart Soyqırımı kimi qanlı faciələrin bir daha təkrarlanmayacağının ən etibarlı təminatıdır.
Bu gün xalqımız işğal edilmiş bütün tarixi torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə geri qaytarılacağına, öz hərbi-siyasi tarixinə yeni və parlaq zəfərlərlə imza atacağına əminliklə inanır.
Daşqın Cəbiyev,
Salyan rayonu Şorsulu kəndi, YAP fəalı