Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır
Əsrlər boyu Cənubi Qafqaz regionunda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi, mədəni əlaqələr, iqtisadi-ticari münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu dostluğa köklənib.
İki ölkənin xalqları arasında dostluq əlaqələrinin dərin tarixi kökləri var. İndiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.
Hər zaman qonşuluğumuzda olan və tarixin ən mürəkkəb anlarında bir-birinə əl tutan bu iki dövlətin bütün sahələrdə əməkdaşlığının qarşılıqlı faydalı şəkildə inkişafını müşahidə etmişik. Bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən müddət ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb.
Bu gün keçirilən ənənəvi görüşlər Azərbaycanla Gürcüstanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə şərait yaradır. 16 mart 2024-cü il tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi.
Görüşdən sonra Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir” sözləri istər siyasi, istərsə də mövcud iqtisadi əlaqələrimizin bundan sonra da artan dinamika ilə inkişaf edəcəyinin, birlikdə Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma ortaya qoymaqla mühüm enerji, tranzit və logistik layihələrin davam etdiriləcəyinin, uğurla icra olunacağının göstəricisidir.
Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirmişdir ki, yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasını da Ölkə başçımız müsbət qiymətləndirmişdir: “Ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”.
Bir sözlə, bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Müşahidə etdiyimiz dostluq münasibətləri, keçirilən ənənəvi görüşlər bu gün Cənubi Qafqazın ictimai-siyasi həyatında yeni üfüqlərin, habelə xalqların rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir. İnanırıq ki, dövlətlərarası münasibətlər hər iki xalqın azad və suveren şəkildə yaşaması üçün daim öz töhfəsini verəcək və xalqlarımızın inkişafını təmin edəcəkdir.
Ramil Hüseynov,
Salyan rayon gənci, YAP fəalı