Dünya sürətlə dəyişir
Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı qeyd edib ki, dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Zənnimcə, bu dəfə iştirakçıların sayı rekord həddədir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Dünən mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri ilə görüşdüm. Biz bir sıra məsələlər barəsində çox yaxşı və səmimi müzakirələr apardıq. Bizim Forumdan əvvəlki görüşlərimizin artıq yaxşı bir ənənəyə çevrilmək xüsusiyyəti var. Dünən mən bir daha İdarə Heyətinin üzvlərinə fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim. Çünki il boyunca Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal gündəlikdə duran ən mühüm məsələləri dünyanın müxtəlif yerlərində qərar qəbul edənlərin diqqətinə çatdırmaq üçün böyük işlər görür.
Namiq Cəfərov
Göygöl RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri