Qərbin ikili siyasəti və Azərbaycan reallığı
Azərbayanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar reallığı özünü bütün məqamlarda və proseslərdə ehtiva etməkdədir. Bu xüsusda, daxili siyasətdə də aparılan islahatlar öz uğurlu nəticələri ilə sübut olunmaqdadır. Belə ki, islahatların daha bir amili Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə, eləcə də parlamentimizin fəaliyyətindəki yeniliklərlə göstərilə bilər. Prezident İlham Əliyevin 10 mart 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında da reallaşdırılan islahatlarla bağlı bir sıra əhəmiyyətli faktorlar önə çəkilmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, davamlı islahatlar siyasətinin parlamentdə də sövq edilməsi Milli Məclisin işinin yaxın perpektivdəki işinin daha geniş sferanı əhatə etməsinə söykənir. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşması və bugünkü tərkibi göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də zərurət var idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, “Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir. O ki qaldı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə, bu dəfə görünür ki, ciddi hadisə baş vermədiyi üçün onlar da məcbur olub öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış formada təqdim etsinlər. Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri seçkilərdən əvvəl yazılır və harada yazılır, onu da biz bilirik. Bir də ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir və nümayiş etdirir ki, bu qurum siyasi sifariş icra edir. Buna 2018-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərini misal göstərmək oar. Bildiyiniz kimi, bu seçkilər ovaxtkı hakim faşist respublikaçılar partiyası tərəfindən tam saxtalaşdırılmışdı və Respublikaçılar partiyasının özünə 50 faizdən çox səs yazdırdığı bu saxtalaşdırılmış seçkilərə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müsbət rəy vermişdi. Bir sözlə, bu saxtakarlığa şərik çıxmışdır. Bir sözlə bu qurumun rəyi bizim üçün tamamilə əhəmiyyətsizdir. Çünki bu rəy yenə də siyasi sifariş əsasında yazılır və bu bəzi dövlətlərin aparıcı dairələrinin bir təzyiq üsuludur.”
Dövlət başçısı çıxışında həmçinin, müşahidəçi qismində iştirak edən təşkilatlarla da bağlı fikirlərini qeyd edərək bildirmişdir: “Deyə bilərəm ki, biz müşahidəçi qismində dəvət etdiyimiz bütün təşkilatları bu seçkilərdə görmüşük. Ancaq Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Ancaq bildirməliyəm ki, belə meyillər bizə qarşı bu gün də müşahidə olunur.”
Əfsuslar olsun ki, Avropa İttifaqının ölkəmizə qarşı məkrli mövqeyi bu gün də davam etməkdədir. Bu təşkilat yenə də ikili standartlar prinsipinə "sadiqdir". Avropa İttifaqı Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir, Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması ilə bağlı feyk xəbərlər tirajlamaqdan belə çəkinmir. Bildiyimiz kimi, Avropa Parlamentinin üzvləri bu il fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda yenə də Azərbaycana qarşı heç bir obyektivliyi, hüquqi əsasları olmayan qərəzli, birtərəfli ittihamlar irəli sürmüşlər. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır. Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.
Şükran Hüseynov,
Salyan rayon Yuxarı Noxudlu kənd tam orta məktəbin psixolqu, YAP fəalı