Sədaqət Vəliyeva: Cənab Prezident İlham Əliyevin çıxışı hər bir deputat üçün fəaliyyət istiqamətidir
VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışı proqram xarakterli idi və bu çıxış hər bir deputat üçün fəaliyyət istiqamətidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışında prioritet sahələri və istiqamətləri açıqlayaraq perspektiv işlərin konturlarını müəyyənləşdirdi. Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi, Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsi idi. Növbədənkənar seçkilərin keçirilməsi, cənab prezident İlham Əliyevin islahatlar kursunun davamı olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinə, Milli Məclisin işininin təkminləşdirilməsinə xidmət edirdi. 1300-dən çox namizədin iştirak etdiyi növbədənkənar Parlament seçkiləri Azərbaycan xalqının iradəsi əsasında keçirildi. Eyni zamanda keçirilən növbədənkənar Parlament Seçkilərinin nəticələrinə obyektiv beynəlxalq qiymətin verilməsi, Avropa İttifaqının yeni seçilmiş deputatlarla və Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etməsi, seçkilərin ədalətli və şəffaf keçirilməsinin bariz sübutu idi.
Altıncı çağırış Milli Məclis müxalifət partiyalarının nümayəndələrinin rəhbərlikdə və komitələrdə təmsil olunduğu, qanunların müzakirəsində, qəbulunda iştirak etdiyi çoxpartiyalı Məclisdir. Bu amil də ölkəmizdə siyasi sistemin gücləndirilməsində xüsusi rol oynayır. Bununla yanaşı, Prezident Administrasiyasının nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə mütəmadi görüşlər keçirməsi, partiyalararası geniş dialoqların aparılması Azərbaycanda həyata keçirilən siyasi islahatlara təkan verməkdədir.
Azərbaycan sosialyönümlü dövlətdir və dövlətimiz tərəfindən atılan bütün addımlar buna bariz sübutudur. Minimum əməkhaqlarının və pensiyaların mütəmadi olaraq artırılması, vergi bazasının genişləndirilməsi, iqtisadi sahədə islahatların aparılması və neqativ hallara qarşı sərt tədbirlərin görülməsi ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə hesablanmış addımlardır.
Əlbəttə ki, bu gün Azərbaycan xaricində ölkəmizin uğurlarını və artan nüfuzunu gözü götürməyən bir sıra anti-Azərbaycan qüvvələri mövcuddur. Xüsusilə də hazırki, “beşinci kolon”un öz sahiblərinin etimadını doğrultmadığı üçün, həmin anti-Azərbaycan qüvvələri yeni beşinci kolon axtarışındadır. Hər zaman olduğu kimi, bu dəfə də anti-Azərbaycan qüvvələrinin arzusu ürəyində qalacaq. Çünki Azərbaycan xalqı öz Prezidentini sevir, dəstəkləyir və onun arxasında bir yumruq kimi birləşərək anti-Azərbaycan qüvvələrinin bütün cəhdlərini yenə də iflasa uğradacaqdır. Axı, hansı səbəbə görə biz sabitliyimizi, stabil, dinamik inkişafımızı Suriya, Liviya, Yəmən, Misir, Tunis, Venesuela, Ukrayna “demokratiyasına” dəyişdirməliyik? Bir ölkənin sabitliyi, sakitliyi var-dövlətdən də, milyardlarla vəsaitlərdən də vacibdir. Bu mənada hər bir vətəndaşımızım üzərinə böyük məsuliyyət düşür və nəyin bahasına olursa-olsun sabitliyimizi qorumalıyıq. Xarici anti-Azərbaycan dairələrin yeni “beşinci kolon”u olmağa çalışanlar isə bilməlidir ki, xalqın, dövlətin maraqları əleyhinə getmək böyük xəyanətdir.
Bu gün Azərbaycanda nümunəvi və yüksəksəviyyəli xarici siyasət kursu həyata keçirilir. Bunun da nəticəsidir ki, Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir və dünya dövlətləri ölkəmizlə əlaqələr qurmaqda, mövcud münasibətləri daha da dərinləşdirməkdə maraqlıdırlar. Eyni zamanda Azərbaycan Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində də xüsusi rola malikdir. Bundan başqa ölkəmiz müsəlman aləmində də böyük nüfuza malikdir.
Heç şübhəsiz qalib və suveren ölkənin Parlamenti – Azərbaycan Respublikasının Milli Məclisi bundan sonra da öz fəaliyyətini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çağırışları və tələbləri əsasında davam etdirəcək və qanuvericilik sahəsinin daha da təkminləşdirilməsinə xidmət edəcək.