Avropa Parlamentinin reallıqlar fonunda Azərbaycana iftiralar atması sadəcə riyakarlıqdan xəbər verir
Bu gün Qərb dairələrində ölkəmizə qarşı iki yanaşmanın şahidi oluruq. Birincisi Almaniya və digər dövlətlər tərəfindən irəli sürülən ədalətli, düzgün yanaşmadır. Bu dövlətlər anlayır və etiraf edir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etməsi dövlət olaraq onun təməl haqqı idi. Bu yanaşmaya tərəfdar çıxan dövlətlərin yeganə amalı odur ki, Cənubi Qafqazda sülh gündəliyi irəli aparılsın və regionda sülhə nail olunsun.
Bu yanaşmanın tərəfdarları ortaya konkret mövqe qoyurlar, ölkəmizin Ermənistanı sülhə dəvətini dəstəkləyir, sülh sazişinin imzalaması barədə təşəbbüsümüzü yüksək qiymətləndirirlər. Anlayırlar ki, imzalanacaq sülh müqaviləsi nəticəsində regionda sabitlik və təhlükəsizlik təmin olunacaq. Onlar bununla bağlı tez-tez fikirlərini açıqlayırlar. Məsələn Almaniya hər iki ölkənin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməklə sülh müqaviləsi ilə bağlı məsələlərə öz töhfəsini verir.
Münasibətlərin inkişaf etdiyi və qarşılıqlı müzakirələrin davam etdiyi bir vaxtda Fransa, həmçinin erməni lobbisinin təsirində olan bəzi başqa qüvvələr Ermənistanı açıq-aşkar silahlandırmağa davam edir. Fransanın regionu xaosa sürükləməklə bağlı qərəzli addımları dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsa da, bu ölkə Ermənistanı məcburi şəkildə uçuruma sürükləyir. Münasibətlərin sabitləşməsinə imkan yaratmaq əvəzinə, Ermənistana silah tədarükünün yeganə hədəfi Cənubi Qafqazda sülhə maneə olmaq, Ermənistanı özündən asılı vəziyyətdə salmaqdır. Fransa göstərdiyi bu “yardım”la ölkəsində olan xaosu Cənubi Qafqaza ixrac edir, eləcə də Ermənistan vasitəsilə hakimiyyət daxilindəki böhranı gizlədir.
Bildiyimiz kimi, Avropa Birliyinin beş təsisçi institutundan biri olan Avropa Parlamentinin üzvləri bu il fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda yenə də Azərbaycana qarşı heç bir obyektivliyi, hüquqi əsasları olmayan qərəzli, birtərəfli ittihamlar irəli sürmüşlər. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır. Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.
Bütün bunlar onu deməyə əsas verir ki, AP-nin məqsədi insan haqlarını qorumaq, beynəlxalq hüquqa hörmət etmək və Ermənistanla Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi artırmaqdır. Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə bu gün ikili standartların bir sıra beynəlxalq institutların, o cümlədən, Avropa İttifaqı üçün adi hala çevrildiyini bildirdi. Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını vurğulayan Prezident İlham Əliyev əlavə etdi ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrellin və Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın Ermənistana, guya, hücuma hazırlaşması barədə informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. 2020-ci ilə qədər Ermənistanı qınamayan, onu səsvermə hüququndan məhrum etmək barədə düşünməyən AŞPA bu gün torpaqlarını işğaldan azad edən, bölgədə sülh üçün münbit şərait yaradan Azərbaycana qarşı qərəzli davranış nümayiş etdirir. Halbuki Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyaraq beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsini təmin edib. Beynəlxalq hüquqdan dəm vuran AŞPA-nın bütün bu reallıqların fonunda Azərbaycana iftiralar atması sadəcə riyakarlıqdan xəbər verir.
Səmra Əhmədova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı