Dünya "Xocalıya ədalət!” çağırışımızı cavabsız qoydu
Insanlıq tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 32-ci ildönümünün Xocalının özündə və sağ qalmış xocalıların, qırğının canlı şahidlərinin iştirakı ilə keçirilməsinin özü də mühüm tarixi hadisədir. Bu mənada fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı şəhərinə səfər etməsini, orada əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etməsini, sonra isə Xocalı Soyqırımı Memorialının təməlini qoymasını Xocalının ən yeni tarixinin başlanğıcı hesab etmək olar. Dövlətimizin başçısı Xocalı rayonunun ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən həm yerli auditoriyaya, həm də ki, yenidən revanşizm yolunu tutan Ermənistana və onun havadarlarına bir sıra önəmli mesajlar verdi. O, öncə qeyd etdi ki, biz 32 ildən sonra doğma torpağımıza qayıtmışıq və bu il ilk dəfədir ki, Xocalı soyqırımı gününü Xocalının özündə, günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik.
Prezident bu illər ərzində paytaxtda Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Memorial Kompleksin təməlinin qoyulmasının nə üçün təxirə salınmasının səbəblərinə aydınlıq gətirərək bildirdi ki, “bu layihə çoxdan hazır idi və Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdir. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il müəyyən tərəddüdlər keçirərək o layihəni təxirə salırdım. Ona görə ki, xocalılar kimi mən də inanırdım və bilirdim, biz Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün Memorial Kompleks yaradılacaq”. Dövlət başçısı çıxışında həmçinin Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyi, Azərbaycan xalqının bu qanlı cinayəti unutmayacağı məsələsinə də toxundu. Çünki bu faciə öz miqyasına və məqsədlərinə görə heç bir insanlıq çərçivələrinə sığmır. Ermənistan dövləti və erməni terrorçuları bu qətliamı həyata keçirməklə həm konkret bir ərazidə soyumuzu qurutmağı, həm də bütövlükdə Azərbaycan xalqının mənəvi-psixoloji cəhətdən sındırılmasına nail olmağı öz qarşılarına əsas məqsəd kimi qoymuşdular. Ona görə də 32 il bundan əvvəl təcavüzkar Ermənistan dövləti və azğınlaşmış erməni millətçiləri bu qanlı faciəni törədərək, Xocalıda günahsız azərbaycanlıları qətlə yetirib. Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və soyqırımı cinayətlərinin zirvəsi idi. Bundan əvvəl isə Ermənistan dövlətinin və erməni millətçilərinin azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və s. yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Xocalıda isə onlar erməni faşizminin bütün qəddarlığını ortaya qoydular. Lakin əfsuslar olsun ki, dünya birliyi Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi Xocalı soyqırımında da beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına göz yumdu, cinayətkarların cəzasız qalmasına şərait yaratdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı, beynəlxalq təşkilatların bir çoxu bu faciəyə biganə münasibət sərgilədi. Beləliklə, Ermənistanın təcavüzkar siyasətininin ifşa edilməsini və Xocalı soyqırımı ilə bağlı əsl həqiqərlərin dünyaya çatdırılmasını Azərbaycan özü təkbaşına həyata keçirməli oldu. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdi. Xüsusən də Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilib, kitablar, məqalələr dərc edilib, sərgilər təşkil olunub.
Azərbaycan Prezidenti haqlı olaraq vurğuladı ki, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Ona görə də dünya bu vəhşiliyə ədalətli münasibət nümayiş etdirməli, vicdanını ortaya qoymalıydı. Lakin biz bunu görmədik. Ermənistan dövləti də, o vaxt və bu gün onun arxasında duran qüvvələr də əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Bir sözlə, dünya birliyi Xocalı soyqırımını törətdiyini inkar edən Ermənistanın yanında yer aldı.
Azərbaycan hökuməti bu ədalətsizliyə son qoyulması və Xocalı soyqırımı kimi qanlı cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələri üçün həm diplomatik müstəvidə, həm də informasiya-təbliğat savaşı cəbhəsində onilliklər ərzində çalışdı. Və sonunda bu ədaləti biz özümüz bərpa etməli olduq. Azərbaycan özü BMT qətnamələrinin icrasını hərbi yolla təmin etdi, ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinə nail oldu. 44 günlük İkinci Qarabağ müharibəsi və keçən ilin sentyabrında baş tutan 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad edildi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimiz, o cümlədən Xocalı da separatçılardan təmizləndi. Beləliklə, Şanlı Ordumuzun rəşadəti, şəhidlərimizin qanı hesabına tarixi ədalət bərpa olundu.
Mahiyyə Həsənova,
Salyan şəhər 9 saylı tam orta məktəbin direktoru