İlk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olunur
Prezident İlham Əliyevin 26 fevral tarixində Xocalı şəhərində soyqırımın 32-cü ildönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü böyük tarixi hadisə idi. 32 ildən sonra ilk dəfədir ki, Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olundu. Cənab Prezident və xocalıların iştirakı ilə otuz iki ildən sonra Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlinin qoyulması yaddaşlara əbədi həkk olunacaq. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan və işğal, təcavüz siyasətini azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə kimi qanlı aktlarla icra edən Ermənistan tarixi dərsini aldı. II Qarabağ müharibəsi nəticəsində döyüş meydanında məğlub olan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin, günahsız qurbanlarımızın qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən düşmən döyüş meydanında darmadağın edildi. Bu gün Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli bayrağımız dalğalanır. Ölkəmizin bütöv ərazisində suverenliyimiz tam təmin edilib. Ermənistan və ona havadarlıq edən qüvvələrin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında mövcudluğunu saxlamağa çalışan separatizm yuvası məhv edildi.
32 ildən sonra cənab Prezidentin iştirakı ilə xocalıların Xocalıda bu qanlı soyqırımı anması, onların əziz xatirəsinə həsr edilən Memorial Kompleksin bünövrəsinin qoyulması olduqca önəmli bir tarixi an oldu: “Çünki Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək bir qanlı aktdır. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirdi. Nəticədə 613 nəfər vəhşicəsinə qətlə yetirildi, 150 nəfər itkin düşdü, 1000-dən çox insan girov götürüldü, 60-dan çox uşaq, 100-dən çox qadın, 70-dən çox yaşlı insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində soyqırıma məruz qaldı. Sözsüz ki, Xocalıda olanlar Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək.
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət! çağırışı bu gün də davam edir. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar bu işdə aktiv yer alıb. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təbliğ edilir. Çünki Xocalı soyqırımı, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir, Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır.
Azərbaycan ötən onilliklər ərzində qanlı cinayəti, soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsi üçün çalışdı. Nəticədə isə bu ədaləti ancaq Azərbaycanın özü təmin etdi. II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 2023-cü ilin 19-20 sentyabrına qədər bu ərazilərdə hələ də özünün mövcudluğunu saxlamağa çalışan separatçı rejim tarixin arxivinə göndərildi. Cənab Prezidentin qeyd etdiyi kimi, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.
2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni oldu. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Artıq Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış konsepsiyasına uyğun olaraq sürətlə bərpa, quruculuq işləri icra edilir. Bu mənada 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Həyata keçirilən bərpa-quruculuq işlərindən sonra keçmiş qaçqın və məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışı təmin olunacaqdır.
Elmar Xudiyev,
Salyan rayon Şorsulu kənd bələdiyyəsinin üzvü