“Türkiyə-Azərbaycan Universitetinin yaradılması müttəfiqliyin yeni hədəfidir”
19-da ilk rəsmi səfərini Türkiyəyə edən Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi oldu. Ankara görüşü zamanı müzakirə olunan bütün məsələlər və imzalanmış sənədlər iki ölkə arasında təhsil, kənd təsərrüfatı və vergi siyasəti sahəsində münasibətlərin tənzimlənməsini və əməkdaşlığın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Dövlət başçılarının verdiyi açıqlamalarda Türkiyə və Azərbaycanın hazırkı beynəlxalq vəziyyətdə regional təhlükəsizlik məsələlərinə ortaq baxışı, enerji və nəqliyyat-loqistika sahələrində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, müdafiə sənayesi sahəsində birgə istehsal, Türkiyə-Azərbaycan birgə Universitetinin açılması kimi mühüm layihələr öz əksini tapıb.
Burada diqqət çəkən məsələlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə-Azərbaycan Universitetinin yaradılması, adicə bir təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir. Uzun illər idi ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması müzakirə edilirdi. Sözügedən məsələnin reallaşması o deməkdir ki, Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün yüksək səviyyəli kadrlar hazırlanacaq. Bu da bizim gələcəyimiz, ortaq kökə, ortaq ənənələrə, ortaq tarixə, ortaq mədəniyyətə sahib olduğumuz bağların daha da dərinləşməsinə səbəb olacaq. Bu addım iki qardaş ölkə arasında təhsil əlaqələrinin yeni nümunəsidir, əməkdaşlığın yeni müstəviyə daşınmasıdır. Azərbaycan-Türkiyə Universiteti hər iki dövlətin alimlərinin, təhsil işçilərinin birlikdə daha sıx işləməsinə, bir-birinə inteqrasiya etməsinə, birgə fəaliyyət sərgiləməsinə böyük imkanlar yaradacaq. Şübhəsiz, bu Universitetin məzunları da ümumtürk dünyası üçün yeni və lazımlı mütəxəssislər olacaqlar. Bunun örnəkləri var. Qazaxıstanda, Qırğızıstanda və başqa yerlərdə Türkiyənin həmin ölkələrlə birgə yaratdığı universitetlər fəaliyyət göstərir. Oranın məzunları həm Türkiyənin, həm də həmin ölkələrin siyasi-mədəni həyatında, elm-təhsil sahəsində ciddi fəaliyyət göstərirlər. Azərbaycan-Türkiyə Universitetinin açılması da təhsil, elm və araşdırma sahələrində yeni üfiqlər açacaq. Universitetdə ilkin mərhələdə tibb fakultəsinin də fəaliiyət göstərməsinin nəzərdə tutulması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, həmçinin Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə artıq bu universitetə qəbul olan şagirdlər bu universitetdə Türkiyə modeli ilə təhsil almaq imkanına malik ola biləcəklər. Düşünürəm ki, Türkiyə-Azərbaycan Universiteti həmdə Türk Dünyasının beyin mərkəzi olacaq. Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin rəmzi olmaqla yanaşı, strateji müttəfiqliyimizin yeni hədəfidir.