Yanğınsöndürənlərə təməl həyat dəstəyi və ilkin yardım bilikləri üzrə kurslar təşkil olunub
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti üçün təməl həyat dəstəyi və ilkin yardım biliklərinin artırılması mövzusunda paramedik kurslar təşkil olunub.
9 gün davam edən kurslarda Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri üzrə yanğından mühafizə dəstə, hissə və bölmələrindən ümumilikdə 186 əməkdaş dinləyici qismində iştirak edib.
Zərərçəkmişlərə zamanında səmərəli və daha keyfiyyətli ilk yardımın göstərilməsi məqsədilə “Ürək-ağciyər reanimasiyası”, “Qapalı ürək masajı”, “Süni tənəffüs”, “Qanaxmalar zamanı ilk yardım”, “Travmalar zamanı immobilizasiya” mövzularında yanğınsöndürənlərin bilik və bacarıqları təkmilləşdirilib.
Sonda kursu uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim edilib.
Kanal4.az