Bolqarlar öz dillərini bilmədiyindən xəcalət çəkəndə....
"Molla Nəsrədddin" jurnalının 1913-cü il 13 yanvar tarixli 1-ci sayında çap olunan "Əlifba" adlı məqaləsində öz tənqidi fikirlərini ana dilinə xor baxan,bu dildə danışmağı özünə sığışdırmayan ədabazlara ünvanlayaraq yazır: "... Bolqarlar öz dillərini bilmədiyindən xəcalət çəkəndə, bizlər də öz dilimizdə danışmaqdan utanırıq. Və balaca oğlumuz 4 yaşa çatan kimi aparıb qoyuruq rus evinə ki, tərbiyə alsın.
Bəli, bu 4 yaşında oğlumuz gərək 10 ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfünunda da ki, duanın bərəkətindən müsəlman-zad söhbəti getdi işinə. Axırda cavan oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman qızı, ya rus qızı aldı və inşallah bunların yenə 4 yaşında uşaqlaı oldu və bu uşağı da lazımdır müsəlman danışığından uzaqlaşdırmaq ki, gimnaziyada elmləri yaxşı oxuya bilsin.
Allah atana rəhmət eləsin,bəs ta hanı türk dili ?
Qardaş zarafat deyil ki, dilimizdən iyrənirik vəssalam!"
Başqa bir məqalədə, Hərdəmxəyal imzası ilə "Molla Nəsrəddin " jurnalının 1907-ci il tarixli nömrəsinin 4-cü sayında gedən "Ana dili" məqaləsində də eyni millətin iki nümayəndəsi arasında gedən dialoq dilimizə qarşı biganəliyin acı təəssüfü kimi səslənir: " Hərdən mənim xəyalıma belə bir şey gəlir :
Mən universitet , yəni darülfünundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazisi Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazi ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı.
Qazi içəri girən kimi mən qabağa yeridim və dedim : salamməleyk.Cənab qazi mənə cavab verdi : ay əssəlamü əleyküm,ay xudahafiz,əhvali-şərif, ənasiri-lətif,maşallah,maşallah, Əxəvizadə neçə müddətdi müntəziri-vücudi-zicudunuz və müştaqi-didarınız idim, inşallah zati-alinizin məzacı-mübarəkləri salimdir.
Mən bir şey başa düşməyib dedim : da.
Cənab qazi bir qədər baxdı mənim üzümə və genə başladı: Əxəvizadə,təhsili-fünunuzu əncama yetiribsiniz,ya dübarə təkmili-nöqsan üçün darülelmə əvdət etməlisiniz?
Mən genə bir şey başa düşməyib dedim ki, cənab axund,yaxçı panimat eləmirəm ki, nə ərz edirsiniz.
Axund soruşdu : necə?
Mən dedim : çto?
Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyinib çıxdı getdi.Anam girdi içəri və mənə dedi : balam mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim.
Dedim: ana, mollaynan biz ana dili danışırdıq.
Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi : yazıq ana dili !"
Saatlı RİH başçısı
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Elmir Bagirov