Deputatlardan Kamil Zeynallının saxlanılmasına MÜNASİBƏT – “Rusiya qeyri-hüquqi addım atsa…”
D
Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı və bloger Kamil Zeynallı ötən gecə Moskva polisi tərəfindən saxlanılıb. Zeynallının iddiasına görə, o Ermənistan Hərbi Prokurorluğunun müraciəti saxlanılıb və yaxın günlərdə Ermənistana təhvil veriləcək.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Ana Vətən Partiyasının sədri, Millət vəkili Fəzail Ağamalı bu fikirləri səsləndirib:
“Rusiya ilə Azərbaycan arasında çox yüksək səviyyəli münasibətlər var. Ona görə də indiki zaman kəsiyində Rusiya ilə münasibətlərə zərər gətirə biləcək addımlardan çəkinməliyik. Onsuz da ölkəmizə qarşı xarici təzyiqlər kifayət qədərdir. Bunu nəzərə alaraq, məsələnin mahiyyəti tam anlaşılmayana qədər Rusiyanın üzərinə getsək, bu ilk növbədə ermənilərin işinə yarayacaq.
Hesab edirəm ki, indiki məqamda hadisələrin inkişafını diqqətlə izləməliyik. Məndə olan məlumata görə, məsələ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun diqqətindədir.
Artıq müvafiq hüquqi prodsedurlar keçirilib, Zeynallı vəkillə təmin edilib. Zənnimcə, lazım olan addımlar atılıb. Ona görə də məsələ ətrafında ajiotaj yaratmaqdansa, hadisələrin inkişafını gözləsək, daha yaxşı olar”.