Saatlıda mal ətinin qiymətində azalma – bolluqdur, deyirlər
Qəssablar inciməsin, “ət kəsən Ənvər”i çoxumuz ən doğruçu qəssab və ya ən doğruçu qəssablardan biri kimi tanıyırıq. Hər zaman erkək, sağlam dana əti satdığını iddia edən qəssab, elə buna görə də müştərilərin böyük etibarını qazanıb. “Yaxşı, keyfiyyətli ət almaq istəyirsənsə, Ənvərdən al!” – deyirlər. Odur ki hər zaman “ət kəsən Ənvər”in “budka”sının qarşısı növbədə duran insanlarla dolu olur. Və tez bir zamanda - saat on və ya on birə əti satıb qurtarır. Amma son günlərdə ət satışı müddətinin bir qədər uzandığını görürük. Ola bilsin ki, bəziləriniz düşünəcəksiniz – “həə, Ənvərin də "zayı" çıxdı”. Yox, əslində səbəb düşündüyünüz deyil, bolluqdur. Elə deyirlər qəssablar.
“Ət kəsən Ənvər” də bunu təsdiqləyir: “Bildiyiniz kimi, 15-20 gün olar ki, rayon ərazisində mal ətinin satış qiyməti 14 manatdan 13 manata düşüb. Son illərdə ətlik heyvandarlığa olan marağın artması bolluğun yaranmasına, nəticədə isə ətin satış qiymətinin düşməsinə səbəb olub”.
Mal ətinin satış qiyməti daha da düşə bilərmi? – sualımızı qəssab Ənvər belə cavablandırdı ki, onu zaman göstərər, dəqiq nə isə demək düzgün olmaz.
Qeyd edək ki, rayonumuzda qoç və quzu ətlərinin satış qiyməti isə 13 manatdan 16 manata qədər dəyişir.