Zamanın hərəkətverici qüvvəsi olan gəncliyə, sağlam düşüncəli, sağlam təfəkkürlü gənclərə cəmiyyətin hər zaman böyük ehtiyacı var
Nəzərə almaq lazımdır ki, sağlam gəncliyin, xüsusilə də milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün uzun illər tələb olunur və bu baxımdan da qarşıda duran ən böyük vəzifə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi hesab olunur. Milli mənlik şüuru, eləcə də vətənpərvərlik hisləri ən ali hislər hesab olunduğu üçün hər ikisinin daha yüksək səviyyədə tərbiyə edilməsi hər zamanın tələbidir. Ölkəmizdə bu ali hislərin ən yüksək səviyyədə tərbiyə olunduğu hər zaman özünü göstərib. Azərbaycan gəncliyi milli mənlik şüuruna sahib olması, eləcə də vətənpərvərlik hislərinin ən yüksək səviyyədə olması ilə hər zaman seçilib. Hətta öz torpaqlarını düşmənin işğalından azad edən, ərazi bütövlüyümüzün təmin edilməsi naminə canını belə əsirgəməyən, vətən üçün özünü fəda edən Azərbaycan gəncliyi başqalarına nümunə olaraq qəbul edilir. Məhz milli mənlik şüuruna, vətənpərvərlik hislərinə malik gəncləri cəmiyyət yetişdirir və ictimaiyyət də öz növbəsində gəncliyi tərbiyə edir. Xüsusən, ailələr öz övladlarının tərbiyəsində xüsusi rol oynayırlar. Əlbəttə ki, hər bir ailə öz övladlarının vətənpərvər ruhda olmasında, milli mənlik şüuruna malik olmasında maraqlıdır. Azərbaycan ailəsi bu ali hislərə sahib övladlar yetişdirmək üçün çalışır və bu da ondan irəli gəlir ki, övladlarının tərbiyəli böyüməsi, vətənpərvər ruhda olması hər bir valideynin arzusudur. Çünki bu ali hislərin qorunub saxlanması bizə ata-babalarımızdan bir ənənə şəklində miras qalıb və bizim üçün ən böyük dəyər məhz vətənpərvərlik, vətənə bağlılıqdır.
Zahir Memmedov