Bizim ailəmiz türk dünyasıdır
Cari ilin fevral ayının 7-də keçirilmiş və tariximizə Zəfər seçkisi kimi düşən növbədənkənar prezident seçkilərinin qalibi xalqımıza zəfər sevinci yaşadan qalib Lider cənab İlham Əliyev oldu. Prezident cənab İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda duran vəzifələr və hədəflərdən ətraflı bəhs etdi. Qarşıdakı hədəflər sırasında türk dövlətlərinin birliyinin gücləndirilməsi də xüsusi yer tutur. Bununla bağlı Prezident cənab İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Azərbaycan bu gün müstəqil siyasi kurs həyata keçirir. Ölkəmizin reallaşdırdığı multiregional siyasət sırf müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Biz artıq müttəfiqlərimizi özümüz seçirik. Müəyyənləşdirilən çoxvektorlu xarici siyasət kursunun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Prezident cənab İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizin başçısı bildirib ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, və nəhayət bir soydan, kökdən olan xalqlardır.
Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Azərbaycan Türk Dövlətləri Təşkilatını yaradan ölkələrdən biri kimi daim bu birliyinin güclənməsinə çalışıb. Artıq əminliklə deyə bilərik ki, təşkilat beynəlxalq siyasətin tamhüquqlu mühüm tərəfinə və regional güc mərkəzinə çevrilib, dünyada sülh və sabitliyə böyük dəstək verir. Bundan güclü birlik ola bilməz. Xalqımız əmindir ki, Prezident İlham Əliyev qarşıya qoyulan bu kimi yeni hədəflərə çataraq dövlətimizə yeni qələbələr qazandıracaq.
Sitarə Təhməzova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru