Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər ölkəmizin son 20 ildə keçdiyi yola nəzər salmağa imkan yaradır
Bildiyimiz kimi, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bu mərasimin çox böyük tarixi əhəmiyyəti var. Ona görə ki, bu dəfə ölkə prezidenti bütün ölkə ərazisində keçirilən seçkilər nəticəsində seçilmişdi: “Bu da “Sözümüz imzamızdır” deyən Prezident İlham Əliyevin verdiyi sözə əməl etməsinin nəticəsində baş verirdi. 2003-cü ildə ilk dəfə prezident seçiləndə cənab İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Ötən 5 il ərzində Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. Bundan sonra 2018-ci ildə andiçmə mərasimində Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. İki ildən sonra Vətən müharibəsində tarixi Qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Qələbə və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi. Fevralın 7-də müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirildi.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 illik zaman kəsiyində əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpası olub. Azərbaycan mahiyyəti tamamilə aydın olan və zaman keçdikcə proses iştirakçılarının gerçək simasını daha qabarıq şəkildə ortaya qoyan danışıqlar prosesində iştirak etməklə, ilk növbədə regional və qlobal məsuliyyətini beynəlxalq hüququn aparıcı subyektlərinin əksəriyyətindən daha yaxşı dərk eydiyini, humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirib və eyni zamanda, qətiyyətli, prinsipial, cəsarətli, istisnasız olaraq, milli maraqlara xidmət edən siyasət yürütməklə, iqtisadi və hərbi gücünü, tərəfdaşlarının sayını artırmaqla sistemli şəkildə işğala, bölücülüyə son qoymağa hazırlaşıb. Bu müddət ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, hərbi sənayenin qurulması və şaxələndirilməsi, bütün bunlar üçün başlıca amil hesab olunan maliyyə sabitliyinin, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılıb: “Azərbaycan xalqının vahid ideologiya və milli hədəflərin ətrafında konsalidasiyası təmin olunub, iqtidar-xalq birliyi monolitləşib, cəmiyyətdəki etimad mühiti hər cür kənar ideoloji müdaxilələrin qarşısında sipərə çevrilib, toplumun milli müqavimət gücü sistemli şəkildə artırılıb, vətənpərvərlik ruhu, mücadilə əzmi düşüncələrə hakim kəsilib. Uğurlu və müstəqil xarici siyasət, xarici tərəfdaşlarla münasibətlərdə milli maraqların önə çəkilməsi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasında müstəsna rol oynayıb, ölkəmizə dünyada etibarlı tərəfdaş imici qazandırıb.
Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər ölkəmizin son 20 ildə keçdiyi yola nəzər salmağa imkan yaratmaqla yanaşı, görülən işlərin miqyasının böyüklüyünü, dəf edilən maneələrin, keçilən yolun çətinliyini ən incə detallarına kimi ifadə edir: “Prezident İlham Əliyevin strateji zəkası, proseslərin inkişafını dəqiq hesablamaq və önləmək məharəti bizim bir xalq və dövlət olaraq, bütün bu maneələri uğurla dəf etməyimizə, Zəfərə doğru inamla addımlamağımıza zəmin yaradıb. Bu baxımdan, Prezident, Ali Baş Komandan İlham Əliyev təkcə Zəfərimizin deyil, həm də Zəfərə aparan yolun memarıdır. Şübhə etmirəm ki, cənab Prezident qarşıdakı illər üçün də ölkəmizin bütün sahələr üzrə inkişafının, daha güclü bir dövlətə çevrilməsinin strateji istiqamətlərini, yol xəritələrini bütün aspektlər nəzərə alınmaqla müəyyənləşdirib. İrəlidə Azərbaycan xalqını Prezident İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlər və uğurlar gözləyir. Azərbaycan Prezidentinin andiçmə mərasimində qeyd etdiyi kimi, yolumuz açıq olsun!”
Qadir Əzizov,
4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru